Qarabağ ermənilərinə büdcədən pul veriləcək?backend

Qarabağ ermənilərinə büdcədən pul veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səslənən fikirlərdən biri də (millət vəkili Zahid Oruca məxsusdur) Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində məskunlaşdırılan ermənilərə vəsait ayrılmasıdır.

Ötən il – müharibədən sonra da analoji fikirlər səsləndirilirdi və bu mövzuda millət vəkillərinin bəziləri həmrəydirlər. Məqsəd aydındır: Qarabağda yaşayan ermənilərin Azərbaycana iqtisadi inteqrasiyası başlamalıdır və bu proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır.

Xankəndinin qaz və ya elektriki Ermənistandan alması da Azərbaycanın suverenliyi üçün arzulanmazdır.

Bütün bunlar həqiqətdir, təklif də müzakirə edilə bilər, ancaq təklifin realizəsi üçün heç bir şərait yoxdur.

Əvvəla, Xankəndi və ətrafında yaşayan ermənilər hələ də Azərbaycanın hüquqi-siyasi-iqtisadi çətiri altına qəbul edilməyib və bu qəbul üçün ilk addım heç də iqtisadi bağların qurulması ilə başlaya bilməz.

İkincisi, hazırda Xankəndi və ətrafında Ermənistan ordusunun qalıqları və separatçıların tör-töküntüləri “mövqe” qurublar, hətta “hərbi hissə”, “post” yaradıblar. Separatçıların rəhbəri Araik Arutyunyan da rus sülhməramlılarının himayəsinə sığınıb fəaliyyətini davam etdirir, ərazilərin “qorunması” üçün silahlanmadan, “əsgərlərin” peşəkarlığının artırılması yollarından-filan danışır.

Üçüncüsü, Azərbaycan Laçın dəhlizi vasitəsilə Xankəndiyə qanunsuz yüklərin – o cümlədən silah-sursatın – keçirilməməsi üçün nəzarət mexanizmi tətbiq etməyib.

Ermənistan 2021-ci ildə Qarabağın bir hissəsində məskunlaşdırılan ermənilərə 244 milyon dollar ayırıb, 2022-ci il üçün bu rəqəmin 288 milyon dollara qaldırılacağını elan edib.

Bu vəsaitin bir hissəsi Qarabağda məskunlaşan 20 min civarındakı erməninin kommunal xərclərinin, maaş, təqaüd və pensiyalarına ödənilməsinə gedir, bir hissəsi bağça, məktəb və obyektlərin saxlanılmasına, Qarabağda yaşamı davam etdirmələri üçün aylıq kompensasiyalara və s. Amma bütün bu xərclər 288 milyon dollardan qat-qat az edir və əlbəttə, vəsaitin əsas hissəsinin təyinatı müəmmalıdır. Bütün statistik hesablamalar təsdiqləyir ki, vəsaitin böyük hissəsi Qarabağda erməni hərbi birliklərinin saxlanılması və silahlandırılmasına xərclənir və bu rəqəm 2022-ci il üçün – Qarabağda ermənilərin sayının azalmasına rəğmən daha 44 milyon dollar artırsa, düşünməyə ciddi əsaslar verir.

İlk növbədə bizim üçün maraqlı olan bu vəsaitin təyinatıdır və çox güman ki, Azərbaycan xüsusi xidmət orqanları bunu dəqiqliyinə qədər bilirlər.

Digər tərəfdən, Azərbaycan öz yurisdiksiyasına hələlik qəbul edilməyən şəhərin kommunal və digər xərclərini çəkmək məcburiyyətində deyil və bu, nə iqtisadi, nə də milli maraqlarımıza uyğundur. Hazırda Xankəndi və ətrafına ayrılan istənilən vəsaitdən rus sülhməramlılarının arxasında gizlənənlərin hansı məqsədlər üçün istifadə edəcəyi mübahisəlidir.

Ən doğrusu sürətli tikinti-quruculuq işləri və azərbaycanlıların öz ata yurdlarına dönüşünün təminidir. Şuşanın 29 kəndi, Xocalı şəhəri və s. də daxil olmaqla, hazırda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdəki bir çox yaşayış məntəqəsində heç vaxt erməni yaşamayıb.

O kəndlərə azərbaycanlıların qayıtması ilə onların təminatı da tədricən Azərbaycan dövlətinin nəzarətinə keçəcək.

Ən sonda isə əlbəttə ki, Xankəndiyə qayıdış gəlir. Hazırkı rəqəmlərə görə, Azərbaycanın müxtəlif bölgələrində 10 mindən çox xankəndili yaşayır. Bu isə bütövlükdə Qarabağın rus sülhməramlılarının məsuliyyət zonasında olan ermənilərin sayının yarısı deməkdir.

Ona görə doğru siyasət yeridilir:

1. Qarabağda məskunlaşan ermənilərin bütün ağırlığı Ermənistanın üzərindədir və Ermənistan “milli maraqlar naminə” burda yaşayanların bütün kommunal xərclərini ödəyib, aylıq kompensasiyalar verir. Nəticə varmı?

2020-ci il 14 noyabrdan rus sülhməramlıları ermənilərin Qarabağa daşınmasını həyata keçirməyə başladı və ümumi nəticəni elan etdi: 52,7 min nəfər “geri qaytarılıb”. Separatçıların lideri Araik Arutyunyanın bu ilin sentyabrdakı etirafına görə, Qarabağda 30 minə yaxın, Bakının səsləndirdiyi statistikaya görə isə 20 min civarında erməni əhali qalıb. Demək, köçürülmə başa çatandan 6 ay sonra Qarabağda ermənilərin sayı iki dəfə azalıb. Bu proses davam etməyəcəkmi?

Hər kəs insandır və yaşamaq istəyir: düşmənçilik içində, heç bir perspektivi olmayan yerdə, yaxın perspektivdə qayıdacaq bir milyon azərbaycanlının arasında, 90 dollar aylıq kompensasiya ilə yaşamağa ermənilər nə qədər davam edəcək ki?

Qarabağa azərbaycanlıların total qayıdışı başlayana qədər prosesi izləmək daha məntiqlidir.

2. Ermənistan büdcəsi Qarabağa hər il ayrılan yüz milyonlara nə qədər dözəcək?

Artıq erməni iqtisadçıları buna kəskin etirazlara başlayıblar və Paşinyanı büdcə vəsaitini göyə sovurmaqda ittiham edirlər. Həqiqətdə də elədir. İldə 300 milyon dollar, üstəlik qaz və elektrikin bahalaşdığı bir vaxtda, kommunal xidmətləri üzərinə götürmək, heç bir gələcəyi olmadan “administrativ” heyət saxlamaq izafi xərclər olmaqla bərabər, Ermənistan büdcəsi üçün kifayət qədər artıq yükdür.

Ermənistanın dövlət büdcəsinin bu qədər mənasız yüklənməsi Azərbaycanın maraqları daxilindədir.

Onu da xüsusi olaraq vurğulayaq ki, 44 günlük savaşdan sonra erməni fondları da Qarabağ ermənilərinə maliyyə dəstəyini dayandırıblar. Hazırda Qarabağdakı ermənilərə humanitar yardım göndərən Rusiyadakı iki tibb müəssisəsi və rus sülhməramlılarıdır. Onlarında bütün humanitar yardımı məktəbə rusca tədris vasitəsi, çanta, bir də peyvəndlə, “zəruri hallarda isə” mətbəx qazanları ilə məhdudlaşır.

3. Ermənistan Azərbaycana iqtisadi müstəvidə də heç bir müqavimət göstərə bilməz. Ermənistanın rezervləri 1,8 milyard idi və yəqin ki, müharibə bu rezervi də çoxdan udub, Azərbaycanın ehtiyatları isə 55 milyarda çatır.

İrəvan nə Qarabağ ermənilərinin, nə də ümumiyyətlə Ermənistanın silahlanmasında Azərbaycanla yarışmaq gücündədir. Yox, əgər bu yarışı davam etdirərsə, 10 noyabrdan daha acınacaqlı nəticə ilə üzləşəcək.

Azərbaycan ərazi, əhali, ticarət dövriyyəsi baxımından özündən qat-qat balaca olan Ermənistanı Qarabağdakı və ümumiyyətlə, regiondakı iqtisadi, silahlanma, tikinti-quruculuq və s. savaşında da məhv edir və edəcək, buna şübhə ola bilməz. Əgər Ermənistan bu savaşa davam edirsə, etsin – itirən yenə İrəvan olacaq.

Ona görə də tələsməyə ehtiyac var, ancaq bu, Xankəndi və ətrafındakılara vəsait ayrılması üçün deyil.//axar.az