Qarabağa “Böyük Qayıdış”la bağlı qanunvericilik aktı hazırlanır- Millət vəkilindən AÇIQLAMAbackend

Qarabağa “Böyük Qayıdış”la bağlı qanunvericilik aktı hazırlanır- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağa “Böyük Qayıdış”la bağlı qanunvericilik aktı hazırlanacaq. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib. Sənədə əsasən, komitə Qarabağa “Böyük Qayıdış”la bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət, hökumət qurumları ilə birgə iş təşkil edəcək. Komitə sədri Zahid Oruc bildirib ki, sənəd üzərində son tamamlama işləri gedir.

Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsi “Böyük Qayıdış”la bağlı qanunvericilik aktının hazırlanmasında fəal iştirak edir:

” Sənədə əsasən Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasında müvafiq qurumlarla birgə iş görüləcək. Komitə sədrinin dediyinə görə artıq sənəd üzərində son tamamlama işləri gedir. Ölkə Prezidenti cənab İlham Əliyev də Böyük Qayıdışla bağlı bir neçə müsbət fikirlər söyləyib. Artıq biz Ağalı kəndində” Böyük Qayıdış”ın ilk müjdəsini gördük, ailələr artıq öz doğma kəndlərinə geri döndülər. Bu kənd yenidən ” ağıllı kənd” formasında quruldu. Digər işğaldan azad olunmuş şəhər və rayonlarda da çox unikal layihələr həyata keçiriləcək. Vətən Müharibəsindən sonra vandal ermənilər həmin ərazilərimizi, bir çox şəhər və rayonları demək olar ki, tamamilə yer üzündən silib, orada daşı-daş üstünə qoymadılar. Digər əsas problem isə bu bölgələrin düşmən tərəfindən minalanmasıdır və hal-hazırda həmin bölgə dünyada 3-cü ən çox minalanmış zonadır. Bu təbii ki, acınacaqlı bir haldır”.

Millət vəkili, təəssüflə qeyd edib ki, düşmənin bu cür təxribatçı addımları müəyyən qədər “Böyük Qayıdış”ın daha sürətli həyata keçirilməsinə əngəl törədir:

” Belə ki, biz 2-3 qat çətinlik çəkirik. Əvvəla həmin ərazilərin minalardan təmizlənməsi böyük vaxt itkisidir. Həmin bölgələr minalardan tamamilə təmizləndikdən sonra bərpa- quruculuq işləri həyata keçirilməyə başlanılır. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan öz gücü və maliyyəsi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti layihələri həyata keçirir. Bu da Azərbaycanın böyük iqtisadi gücündən xəbər verir. Artıq “Böyük Qayıdış”a start verilib və hesab edirəm ki, mərhələli şəkildə həmin bölgələrdə infrastruktur layihələri yarandıqca inzibati binalar, yaşayış evləri, dövlət strukturu bölmələri formalaşdıqca insanların ora köçməsi dövlət tərəfindən təmin ediləcək. Yaxın zamanlarda digər işğaldan azad edilmiş ərazilərimizdə də həmin layihələr icra olunacaq. Vətəndaşlarımız 30 ildir həsrətini çəkdiyi doğma yurd-yuvalarına qayıdacaqlar”.

//Gülnarə Abasova, Editor.az