“Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində atəşkəsin imzalandığı müddətdən sonra keçən 25 ay ərzində silah-sursat, texnika daşınmasına fasilə verilməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə bu proseslər əvvəl də var idi, indi də var: “Yaxın gələcəkdə Rusiya sülhməramlıları tərəfindən bu prosesin qarşısının alınmasını gözləmək sadəlövhlük olardı. Əgər sülhməramlılar erməni separatçılarını Qarabağdan çıxartmaq əvəzinə onların silahlandırılmasına göz yumursa, bu həmin kontingentin öz vəzifələrini yerinə yetirməməsi kimi qiymətləndirilməlidir.
Toplanan silahlar isə bir mənalı olaraq Azərbaycana qarşı yönəlib. Həmin silahların Azərbaycan ordusuna qarşı istifadəsi istisna deyil. 2 aya yaxındır ki, atəşkəsin pozulması hallarını müşahidə edirik. Son günlərdə isə bu hallar daha uzun müddətli və geniş coğrafiyanı əhatə edir”.
Hərbi ekspert rusiyalı politoloq Andrey Petrovun “Erməni seperatçıları silahlandırılır, Qarabağa hücum hazırlanır” açıqlamasına da münasibət bildirib: “Petrov hadisələri öz prizmasından şərh edir.
Rusiyada və ya digər bölgələrdə kimin nə deməsindən asılı olmayaraq, biz Azərbaycan əsgərinin və bərpa-quruculuq işləri ilə məşğul olan vətəndaşlarının həyatına təhdid yaradacaq istənilən hadisənin öncədən qarşısını almaq hüququna malikik. Azərbaycan bütün bu faktları nəzərə almalı, düşmən qruplarının güclənməsinə imkan verməməlidir”.
//Safura Bənnayeva, Editor.az

