“Nikol Paşinyan Rusiyanın indiki həssas və zəif vaxtından istifadə edərək təzyiq etməyə çalışır ki, rəsmi Moskva Ermənistanın maraqlarına uyğun addımlar atsın. Yenidən Laçın yolunu öz nəzarətinə keçirməklə yolu tamamilə açsın. Çünki belə olduğu halda yenidən yataqlardakı qızıl, mis Ermənistana daşınacaq. Orada emal olunaraq maliyyənin böyük bir hissəsi quldur, separatçı rejimə qayıdacaq ki, bu da Qarabağdakı qanunsuz silahlı birləşmələrin saxlanılmasına sərf edilsin”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, Ermənistan Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsini istəmir:
“Çünki bu quldur rejim üçün müəyyən məhdudiyyətlər yaradacaq. Bütün gəliş-gedişlər ölkəmizin nəzarətindən keçərsə, təhlükə yaradan heç bir vasitələrin keçirilməsinə imkan verilməyəcək. Bu Paşinyan hökümətinin Qarabağla bağlı mövqeyinin zəifləməsinə təsir edəcək. Ona görə də Rusiyanın indiki vəziyyətindən istifadə etməyə çalışır. Guya Ermənistan Rusiyanın orbitindən çıxmaqla hədələyir. Konkret alternativin olduğunu göstərir. Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirmədiyi təqdirdə beynəlxalq sülhməramlıların Qarabağa gətirilməsinin lazım olduğunu qeyd edir. Ancaq Rusiya da başa düşür ki, bu, mümkün deyil. Çünki Beynəlxalq sülhməramlıların Azərbaycana gəlməsi Ermənistanın istəyi ilə həll olunacaq məsələ deyil. Bura Azərbaycan əraziləridir və dövlətimizin icazəsinə ehtiyac var. O da mümkün deyil. Rəsmi Moskva məhz buna görə Ermənistanın bu kimi absurd fikirlərinə reaksiya vermir”.
Politoloq vurğulayır ki, rəsmi İrəvanın bu cəhdi eyni zamanda Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaqdan ibarətdir:
“Rusiya Ermənistanın istəklərinə uyğun olaraq zor tətbiq edərək Laçın yolunu nəzarətinə götürərsə, bu, Azərbaycan-Rusiya qarşıdurmasına səbəb ola bilər. Bunu tərəflər yaxşı bilir. Ermənistanın böyük “bacısı” Fransa bu cür təxribatların, ideyaların arxasında dayanıb. Onlar bir yerə qədər bu kimi addımlarını davam etdirə bilər. Azərbaycan öz iddialarında və davranışlarında qərarlı olduğu təqdirdə qısa müddət sonra Ermənistanın mövqeləri zəifləyəcək və o geri çəkiləcək. Bu qeyri-iradi baş verəcək. Nə Beynəlxalq səviyyədə, nə də Azərbaycan, Rusiya və Ermənistan üçlüyü səviyyəsində rəsmi İrəvan istəklərinə nail ola bilmir.
Bu gün Ermənistanın Rusiyanın nüvəsi olan təşkilatlardan çıxma ehtimalı da çox yüksək deyil. Bu Rusiya üçün arzuolunmazdır. Çünki KTMT kimi hərbi təşkilatdan Ermənistanın çıxması mərkəzdənqaçma prosesini tətikləyə bilər. Bu səbəblərdən rəsmi Moskva İrəvana qarşı sərt addımlar atmaq fikrində deyil. Digər tərəfdən də Rusiya Ukraynada çox böyük çətinliklərlə üzləşib. Onun əsas məsələsi Ukraynadır. Lakin gələcəkdə Ermənistanın bu addımları cavabsız qalmayacaq”.
Son olaraq politoloq qeyd edib ki, Ermənistanın öz istəyi ilə KTMT-dən çıxması da real deyil: ” Çünki KTMT təhlükəsizlik sistemidir. Ermənistan buradan çıxandan sonra Qərb ölkələri, Fransa onun təhlükəsizliyini təmin edə biləcək? Buna heç Ermənistan da inanmır”.
//Safura Bənnayeva, Editor.az

