Ərazilərimizin işğaldan azad edilməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də Ermənistan tərəfindən təxribatlar törədilməkdədir. Dekabrın 15-də Azərbaycan hərbi qulluqçularının işağldan azad edilmiş ərazilərimizdə minaya düşərək xəsarət alması faktı da göstərir ki, Ermənistan tərəfindən mina xəritəsinin verilməməsi bu kimi halların tez-tez yaşanmasına səbəb olacaq.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, mina xəritələrini Ermənistan Azərbaycana təqdim edib:

“ Sonra məlum oldu ki, bu xəritələrin yalnız 25% doğruluq əmsalı var. Elə həmin günlərdə Azərbaycan prezidenti bu barədə bəyanat verdi. Dəqiq mina xəritələri Ermənistanda varmı? Erməni xarakterini nəzərə alaraq xəritələri gizlətdiklərini demək mümkündür. Burada ikinci ehtimal da var. 44 günlük müharibənin gedişində erməni ordusu elə vəziyyətə düşmüşdü ki, ola bilsin bu şəraitdə minaları harada yerləşdirdiklərini özləri də bilməsinlər. Heç bir dəqiq qeydiyyat aparmadan, xəritə tərtib etmədən… Bəlkə də Ermənistanda heç xəritə də yoxdur. Bu ehtimal mənə daha çox inandırıcı gəlir. Biz bu məqamda dünyanın diqqətini həmin məsələyə yönəltməliyik. Əgər bizə dəqiq xəritələri alıb verə bilmirsinizsə, heç olmasa minaların təmizlənməsinə yardım edin. Çünki Azərbaycan prezidenti də dedi ki, minaların təmizlənməsi üçün təxminən 25 milyard dollara yaxın vəsaitə ehtiyac var. Üstəlik bu 20 ildən artıq vaxt tələb edə bilər. Bu da yolverilməzdir. Çünki Azərbaycan məcburi köçkünləri öz yurd-yuvalarına qayıdacağı günü səbrsizliklə gözləyirlər. Beynəlxalq təşkilatlar, qurumlar da təəssüf ki, gözlədiyimiz yardımı göstərmirlər. Bu gün Ukrayna hamının diqqətindədir və bütün dəstək oraya verilir. Son aylarda Azərbaycanın Avropa üçün xüsusi çəkisinin artması belə bir ümid yaradır ki, yaxın vaxtlarda gözlədiyimiz yardımlar verilə bilər. Hələ ki başqa bir iş görmək qeyri-mümkündür və bütün işləri öz gücümüzə görməliyik”.
Hərbi ekspert Üzeyir Cəfərov isə açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq təəssüf ki, zabit, əsgər hətta mülki vətəndaşlarımızı ermənilərin xain əməlləri nəticəsində itiririk:
“Dekabrın 15-də bir neçə hərbiçimiz mülki vətəndaşlarımızı xilas edərkən minaya düşüb, nəticədə 1 nəfərin şəhid olması, bir neçə nəfərin xəsarət alması hər birimizi çox üzdü. Bu müharibə Ermənistan və ona havadarlıq edənlər üçün elə də asan başa gəlməməlidir. Onlar bunun cəzasını çəkməlidirlər. Mina xəritəsini gözləmək “fırtınalı dənizdə aydın səmanın olmasına” bərabər məsələdir. Çünki Ermənistan elə bir xəritə tərtib etməyib. Ona görə də onlardan xəritə gözləmək və Azərbaycanın ondan faydalanması barədə heç bir addım görməmişəm. Düşünmürəm ki, Ermənistan bu barədə hər hansısa addımlar atsın. Azərbaycan bu barədə hansı tədbirləri görməlidir? Sualına cavab kimi deyə bilərəm ki, Azərbaycan bu məsələni beynəlxalq qurumların diqqətinə çatdırmalıdır. Minalarla bağlı insanlar arasında maarifləndirmə işi aparılmalıdır. İnsanlar işğaldan azad olunmuş ərazilərə- Ağdama, Zəngilana, Cəbrayıla qayıdırlar. Həmin şəxslər maariflənməlidirlər ki, o ərazilərlə son dərəcə diqqətli olsunlar.
Beynəlxalq təşkilatlar 28 il ərzində hansı işləri görüblər ki, bundan sonra da hər hansı iş görsünlər. Buna görə də bütün güc elə Azərbaycanın öz üzərinə düşəcək.
Bunlar da Azərbaycanın təşkil fəaliyyətdən asılı olacaq. Biz də işimizi düzgün quracağıqsa, həmçinin, ANAMA və digər güc strukturlarının xidmətləri olduqda itkilərimizin sayı da az olacaq. Doğrudur, olmasa daha yaxşı olacaq. Lakin bunu anlamaq lazımdır ki, bu xain və mənfur düşməndir. Hansı ki, bizim ərazimizdə davamlı şəkildə öz təxribatlarını davam etdirirlər. Nəzərə alsaq ki, Rusiya “bədməramlılarının” xeyir- duası ilə hələ də minaların yerləşdirilməsi prosesi həyata keçirilir. Bu isə adi və sıradan məsələ deyil.
Elə buna görə də vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar”.
//Safura Bənnayeva, Editor.az

