Qarabağda anti-terror əməliyyatı başlaya bilərbackend

Qarabağda anti-terror əməliyyatı başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda dünyanın diqqəti Rusiya və Ukrayna savaşına yönəlib. Odur ki, indi bizim problemimizlə məşğul olmaq məsələsində beynəlxalq təşkilat problemi var. Avropa İttifaqı problemin həllinə can atdı, müəyyən işlər görüldü. Amma ümumilikdə prosesə tam təsir etmək imkanı olmadı. Ona görə də, əslində, indi bizimlə Ermənistan arasında savaş davam edir. Ermənistan məsələləri uzadır və düşünür ki, hansısa fövqəlqüvvələrin əli ilə itirilən mövqelərə qayıda, revanş götürə bilər. Amma anlayır ki, bunu özü edə bilməz, çünki bunun üçün gücü, imkanı və resursu yoxur”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasına münasibət bildirərkən deyib.

Fazil Mustafa əlavə edib ki, Azərbaycan tərəfi yaranan vəziyyətə uyğun olaraq maksimum effektiv fəaliyyət göstərir:

“Azərbaycan işğaldan azad edilmiş bölgəyə yollar çəkir, infrastruktur yaradır, hərbi hissələr yerləşdirir, qayıdışı təmin etmək üçün iş aparır və s. Bütün bunlar göstərir ki, tərəflər vəziyyətin necə olacağını hesablayaraq real siyasətlərini davam etdirirlər. Və bu gün sülh müqaviləsinin olmaması o mənanı vermir ki, hər hansı bir ölkə, xüsusilə Azərbaycan geri düşür. Əslində geri düşən Ermənistandır. Rəsmi İrəvan vəziyyətdən yararlansa özünün iqtisadi problemlərini yoluna qoya, blokadadan çıxa bilər. Azərbaycan isə daha çox real vəziyyəti öz xeyrinə dəyişir”.

F. Mustafanın sözlərinə görə, ermənilər Azərbaycanın qarşısından geri çəkilməyə məcbur olacaq: “Mən buna inanıram. Ona görə bu prosesi davam etdirmək lazımdır. Əlbəttə, Ermənistanın bu proseslərdə rahatlıqla Azərbaycanla birgə addım atacağı, konstruktiv davranacağı gözlənilməzdir. Bu öncədən də bilinirdi”.

Mümkün hərbi və ya anti-terror əməliyyatlarına gəlincə, deputat diqqətə çatdırıb ki, bu, istənilən situasiyada baş verə bilər: “Bu olacaq və proses ona doğru gedir. Hər halda Azərbaycan bölgədə vəziyyəti gərginləşdirməyə maraqlı deyil. Ona görə ki, bura çox da diqqətin yönəlməsi işimizə yaramır. Əksinə, biz məsələləri tədricən həll etməyə çalışmalıyıq”.