Qarabağda aparılan sürətli abadlıq-quruculuq işləri:  “Böyük Qayıdış”a çox az qalıbbackend

Qarabağda aparılan sürətli abadlıq-quruculuq işləri: “Böyük Qayıdış”a çox az qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxlaması ən çox qaçqın və məcburi köçkünlərimizin həyatına təsir etdi. Lakin Azərbaycan dövləti tərəfindən hər zaman məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə verdiyi tapşırıqların icrasına birbaşa özü nəzarət edib. Bəli, bu gün isə qalib Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib və artıq keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün Qarabağda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramının tam icra edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətidir.

Postmünaribə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, hər həftə bir işğaldan azad olunmuş bölgəmizə səfər edir. Müharibədən bir ildən də az vaxt keçməsinə baxmayaraq bu ərazilərdə yeni infrastruktur layihələrinin əsasını qoyulur, təməlqoyma mərasimləri keçirilir. Qarabağda qısa zamanda həyata keçirilən və planlaşdırılan böyük proyektlərə xarici və yerli investorların marağı böyükdür və dövlət başçısı da daima öz fəaliyyətində işğaldan azad olunmuş bölgələri diqqətdə saxlayır. Sürətlə görülən işlər Qarabağa Böyük Qayıdışın sürətlənməsində mühüm rol oynayır.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəmməliyev bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və əksər səfərlərdə onu müşayət edən Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş bölgələrimizə etdikləri hər bir səfər həmin ərazilərin əsl sahiblərinin, keçmiş məcburi köçkünlərin ora qayıdışını bir addım daha sürətləndirir:

” Baş tutan hər səfər yeni infrastruktur layihələrinin icrasına başlanması, təməlqoyma mərasimlərinin keçirilməsi, ayrı-ayrı şəhərlərin baş planlarının təsdiq olunması, yeni innovativ layihələrin icra olunması və daha əvvəlki səfərdə nəzərdə tutulmuş təmir bərpa işlərinin yekunlaşması ilə müşahidə olunur. Bunların hər biri onu göstərir ki, Azərbaycan dövləti, Ali Baş Komandan Prezident İlham Əliyev Vətən müharibəsi dövründə göstərdiyi qətiyyəti, bərpa- quruculuq işlərində də göstərir. Düşmən torpaqlarımızı işğal altında saxladığı müddətdə öz vəhşiliyini torpaqlarımızda sübut edib. Düşmənin basdırdığı minaların təmizlənməsi Qarabağda ümumi prosesə təsir etsə də, ancaq əhatəli və sistemli şəkildə aparılan işlər nəticəsində qısa bir zamanda, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı kimi mürəkkəb bir nəqliyyat qovşağı artıq istifadəyə verildi . Zəngilan Beynəlxalq Hava Limanının da təməlqoyma mərasimi keçirilib, Laçın Beynəlxalq Hava Limanının tikintisi üzərində iş gedir. Müxtəlif istiqamətlər üzrə Şuşaya “Zəfər yolu” çəkilir, Füzuli-Şuşa, Bərdə-Ağdam, Füzuli-Ağdam, Zəngilan-Füzuli-Qubadlı kimi çoxsaylı istiqamətlərdə ən müasir standartlara cavab verən avtomobil yolları inşa olunur. Çox çətin coğrafi relyefə baxmayaraq “Azərenerji”və “Azərişıq” tərəfindən ərazilərimizin elektrikləşdirilməsi istiqamətində fantastik sürətlə layihələr icra olunur. Yeni yarımstansiyalar, rəqəmsal stansiyalar tikilir. Bu həm sakinlərin məskunlaşması baxımından, həm də yaradılan və gələcəkdə yaradılacaq sənaye müəssisələrinin, aqrar parkların elektrik enerjisi ilə təmin olunması baxımından çox vacibdir”.

Millət vəkili vurğulayıb ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün aqroparkların, yeni innovativ fermer təsərrüfatlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin sürətli icrası Azərbaycan dövlətinin çoxşaxəli fəaliyyətinin göstəricisidir:

” Qarabağda baş tutacaq beynəlxalq layihələr təkcə Azərbaycan Respublikası daxilində deyil, eyni zamanda bütün dünyanın diqqət mərkəzində olan layihələrdir. Sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər Qarabağda qısa zaman çərçivəsində sürətlə aparılan işləri böyük həyəcanla qarşılayırlar. Erməni ictimaiyyəti Qarabağdakı işləri izlərkən Ermənistan hakimiyyətini uzun illər oradakı fəaliyyətsizliyində günahlandırır. Diaspora, himayədar təşkilatlar tərəfindən ayrılan vəsaitlər oğurlanıb, orada insanların yaşayışı üçün minimum sosial şərait belə yaradılmayıb. Bunun nəticəsidir ki, işğaldan əvvəl orada 150 min əhali yaşayırdısa, uzun illər Ermənistan rəhbərliyinin öz xalqına qarşı düşmən siyasəti nəticəsində işğaldan sonra orada heç 20-25 min erməni yaşamır. Budur, iki dövlətin torpağa, ətraf mühitə olan münasibəti. Təbii ki, ermənilər hər zaman Qarabağda özlərini qonaq kimi hiss edirdilər. Onlar yaxşı bilirdilər ki, bu ərazilər onlara aid deyil. Ermənilərin vəhşicəsinə darmadağın edib cəhənnəmə çevirdikləri əraziləri Azərbaycan hökuməti qısa bir zamanda cənnətə çevirir. Bunun çox böyük siyasi əhəmiyyəti var. Haqlı Azərbaycanı artıq dünya görür. 2 millət var ortada: bir tərəfdə dağıdıcı erməni, digər tərəfdə qurucu Azərbaycan”.

Nəsib Məhəmməliyev qeyd edib ki, Prezident İlham Əliyev müharibə dövründə olduğu kimi, postmüharibə dönəmində də informasiya savaşını davam etdirir:

” Cənab Prezident Ermənistanın həm əvvəlki, həm də indiki rəhbərlərinin yalanlarını qarşıya qoyduğu faktlarla, verdiyi dolğun məntiqi cavabları ilə alt- üst edir. Budur, Azərbaycan dövlətinin, hakimiyyətinin, xalqının qüdrəti! Hesab edirəm ki, uzun illər öz təyinatından ayrılmış münbit torpaqların dövriyyəyə qaytarılması, yeni sənaye obyektlərinin, turizm sektorunun yaradılması Azərbaycanın gücünə güc qataraq iqtisadiyyatını daha da möhkəmləndirəcək. Qarabağ kənd təsərrüfatı , turizm fəaliyyəti üçün həm iqlim, həm də təbii sərvətlər baxımından olduqca əhəmiyyətli, əlverişlidir. Ona görə də tamamilə yenidən qurulmuş kəndlər, şəhərlər gələcəkdə Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməklə yanaşı, ərzaq təhlükəsizliyi baxımından da qarant rol oynayır. Bu gün dünyada ən aktual problemlərdən biri ərzaq çatışmazlığıdır. Bunun nəticəsində kifayət qədər ərzaq məhsullarında qiymət artımı müşahidə edilir. Eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı bir çox ölkələrdə məhsuldarlıq da aşağı düşüb. Bu baxımdan Qarabağın su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Hesab edirəm ki, qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Editor.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi sayəsində bu gün Qarabağda böyük bərpa -quruculuq işləri həyata keçirilir:

” Səkkiz aydır ki, Azərbaycan xalqı və bütün dünya bu proseslərin əyani şahidi olur. Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Şuşada otellər açılıb, tarixi abidələr, məqbərələr bərpa olunub, Zəngilanda, Laçında hava limanlarının tikintisi planlaşdırılıb, elektrik enerjisi ilə bölgə təchiz edilib, yeni sənaye parkları və müəssisələrinin yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağa “Böyük Qayıdış”a çox az qalıb. Prezident İlham Əliyev özü bu proseslərə birbaşa nəzarət edir. Proseslərin sürətləndirilməsini şərtləndirən əsas amillərdən biri də cənab Prezidentin özünün birbaşa bu məsələni nəzarətdə saxlaması və hər dəfə bir rayona səfər edərək yeni açılış mərasimlərində iştirak etməsidir. Bu Azərbaycan Prezidentinin qətiyyətli mövqeyidir ki, işğaldan azad olunmuş ərazilər tez bir zamanda bərpa olunmalı, biz isə “Böyük Qayıdış”a hazır olmalıyıq. Etiraf etmək lazımdır ki, bu ərazilər işğaldan yeni azad olunarkən belə bir yanaşma var idi ki, ərazilərin bərpa prosesi bəlkə 5-10 il və ya daha çox çəkəcək. Amma baş verənlər göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə bu proses sürətlə həyata keçirilir və Azərbaycan tezliklə işğaldan azad etdiyi əraziləri dünyanın ən abad, ən gözəl yerlərindən birinə çevirəcək. Biz son vaxtlar demək olar ki, hər həftə Azərbaycan Prezidentinin işğaldan azad edilmiş rayonlardan birinə səfər etdiyinin, orada yeni açılış mərasimlərində iştirak etdiyinin, rayon ictimaiyyəti nümayəndələri ilə görüşdüyünün şahidi oluruq. Bu da bu prosesi daha da sürətləndirir və bərpa-quruculuq işlərinə öz ciddi töhfəsini verir”.

Politoloq Tural İsmayılov Editor.az- açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin bir çox müstəsna əhəmiyyəti var:

” Əvvəla onu qeyd etmək lazımdır ki, ölkə başçısı bütün regionlarda olduğu kimi Qarabağda da aparılan işləri yaxından izləyir. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident dəfələrlə həmin ərazilərə səfər edib. Qarabağda abadlıq-quruculuq işləri ilə yanaşı, bir sıra tədbirlər də həyata keçirilir. Şuşa şəhərində Vaqif Poeziya Günləri, Cıdır düzündə tarixi “Xarı bülbül” festivalı keçirildi. Bütün bunlar göstərir ki, Qarabağda bərpa işləri ilə paralel, bu proseslərə də ölkə başçının şəxsən nəzarəti və diqqəti yüksək səviyyədədir. Cənab Prezidentinin Qarabağ səfərləri Ermənistan mətbuatında da diqqətlə izlənilir. Erməni cəmiyyəti 30 ildir Qarabağı işğal altında saxlayan hakimiyyət nümayəndələri, terrorçuları ilə bunun bağlı hesablaşma aparır. Ölkəmizin Ali Baş Komandanının Qarabağa daimi səfərləri, rayon ictimaiyyəti ilə səmimi söhbətləri cəmiyyət içərisində ruh yüksəkliyi yaradır və dövlət başçısına, dövlətçiliyə olan inamı daha da gücləndirir. Eyni zamanda Dövlət başçısı bu səfərlər çərçivəsində həm müharibənin gedişi, həm də sonrakı proseslərlə bağlı çox mühüm mesajlar verir. Bu mesajlar, Prezidentin qətiyyətli çıxışları dünyanın nüfuzlu media orqanlarında yayımlanır. Hələ də davam edən informasiya müharibəsində bu çox əhəmiyyətlidir. Cəmi 8 ay ərzində Qarabağda aeroportun tikilməsi, böyük quruculuq işlərinə start verilməsi, Azərbaycanın regional güc olduğunu ortaya qoyur. Dövlətimiz tərəfindən Qarabağa ayrılan diqqət nəticəsində çox qısa zamanda keçmiş məcburi köçkünlərimiz də öz yurd-yuvalarına qayıdacaq, Qarabağın qlobal əhəmiyyəti daha da böyüyəcək və həmin bölgə dünyanın ən önəmli turizm məkanlarından birinə çevriləcək. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycan Respublikasının coğrafi əhəmiyyəti, geostrateji mühümlüyü daha da güclənəcək. Prezident İlham Əliyevin Qarabağa səfərləri həm lokal, həm də qlobal səviyyədə müstəsna əhəmiyyət kəsb edir”.

Politoloq İlyas Hüseynov Editor.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş rayonlara səfər edir, burada mühüm infrastruktur layihələrinin əsası qoyulur, eyni zamanda rayonun ictimai fəalları ilə görüşlər keçirilir, səmimi söhbətlər aparılır və həmin şəxslər Prezidentə öz minnətdarlığını bildirirlər:

” 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident hərbi, siyasi, diplomatik, informativ cəbhədə böyük ustalıq nümayiş etdirdi və bu siyasi müdrikliyin və məharətin sayəsində Azərbaycan tarixi qələbə qazandı. Bunun davamını isə postmüharibə dövründə işğaldan azad olunmuş rayonlara Prezident İlham Əliyevin tez-tez etdiyi səfərlər zamanı görürük. Bölgədə gedən mühüm infrastruktur layihələrinin gedişatı ilə yaxından tanışlıq olur, yeni proyektlerin icrasına başlanılır. Azərbaycan tərəfi bununla da göstərir ki, bizim üçün əsas meyar işğaldan azad olunan rayonların tezliklə bərpası, çiçəklənməsi və məcburi köçkünlərin tezliklə təhlükəsiz şəkildə öz yurd-yuvalarına qayıtmasıdır. Buna görə ilk növbədə, həmin ərazilərin sürətlə aparılan minalardan təmizlənməsi prosesi başa çatmalıdır”.

Politoloqun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının açılışında Rəcəb Tayyib Ərdoğanın iştirakı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin tərkib hissəsidir:

“Artıq ikinci dəfədir ki, qardaş ölkənin Prezidenti işğaldan azad olunmuş ərazilərimizə səfər edir . İlk dəfə Şuşaya səfər edən cənab Ərdoğan “Şuşa bəyannamə”sinə imza atdı. Bu bəyannamə Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizliyinin təmin olunmasında mühüm hüquqi sənəd kimi qiymətləndirilir. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərimizə səfərləri zamanı bir daha göstərir ki, bu bölgələr onun birbaşa diqqəti altındadır. Bununla da orada görülən işlər inanılmaz dərəcədə sürətlə aparılır. Cəmi 8 aya Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, artıq bu gün ora mülki və hərbi təyinatlı yüklər rahatlıqla daşınır. Bölgənin tranzit-logistika potensialınin artırılması üçün hava limanın istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Digər iki hava limanının da inşası davam etdirilir. Hər rayonun baş planı təsis olunur və bu plana uyğun olaraq müasir infrastruktur və arxitektur prioritetlər müəyyən edilməklə, şəhər quruculuğu geniş vüsət alır. Digər tərəfdən avtomobil və dəmir yollarının çəkilişi də sürətlə davam etdirilir. Horadiz-Ağbənd avtomobil yolunun çəkilməsi ilə bağlı da təməlqoyma mərasimi keçirilib. Ağbənd məntəqəsindən sonra Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşəcək. Bunun həm də rəmzi mənası var. Zəngəzur dəhlizin istifadəyə verilməsi həm də türk dünyası konsepsiyasının daha dərinləşməsi baxımından böyük aktuallıq kəsb edir”.

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.