Qarabağda baş verən qanunsuzluqlar: Azərbaycan tərəfi necə CAVAB VERƏCƏK?- Millət vəkili ŞƏRH EDİRbackend

Qarabağda baş verən qanunsuzluqlar: Azərbaycan tərəfi necə CAVAB VERƏCƏK?- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq Cənubi Qafqazda proseslər daha da gərginləşir. Lakin bütün hallarda dövlətimizin ərazi bütövlüyü şübhə altına alına bilməz. Bu gün müxtəlif maraqların toqquşduğu regionumuzda sülh sabitlik yoxdursa, bütün günah Ermənistan hakimiyyətindədir. Digər ölkələrin əlində oyuncağa çevrilən Ermənistan hətta öz xalqının da maraqları uğurunda mübarizə aparmır, birbaşa xidmət etdiyi ölkələrin maraqlarına uyğun davranışlar nümayiş etdirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili onu da qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarəti altında dəfələrlə Ermənistan Azərbaycan ərazilərindən silah-sursat daşıyıb:

“Bu tip qanunsuzluqların qarşısının alınmasının yeganə çıxış yolu Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolu üzərində mütləq sərhəd buraxılış məntəqəmizin qurulmasıdır. Azərbaycan bilməlidir ki, ərazisindən kim nə keçirdir. Bütün bunlara Azərbaycan müstəqil dövlət kimi nəzarət etməlidir. Bu gün müharibədə məğlub olmuş, kapitulyasiya aktına qol çəkmiş, məhv olmuş bir dövlət tez-tez təxribatlar törədir, təbii ki, bu gücü sülhməramlıların himayəsində olmağından irəli gəlir. Bildiyiniz kimi ermənilər artıq alternativ quru yollardan istifadə edərək Ermənistana gedib gəlirlər. Rusiya sülhməramlıları buna nəzarət etmək əvəzinə şərait yaradırlar ki, Ermənistandan Azərbaycan torpaqları olan Qarabağa hər cür silah-sursat daşınsın. Həmin yollara biz özümüz nəzarət etməliyik, 10 noyabr 2020-ci ildə üçtərəfli imzalanmış sənədin tələblərinə əməl olunmalıdır. Rusiya hərbi kontingenti öz məramını unutmamalı, nəzarət etməlidir”.

M. Cəfərovun sözlərinə görə müharibənin iki ildən artıq müddətdir ki, bitməsinə baxmayaraq bu günə qədər hələ də Ermənistan dövlətinin silahlı birləşmələri qanunsuz şəkildə Azərbaycan ərazisində qalmaqda davam edir:

“Ermənilər mülki paltarda həmin rus sülhməramlıların maşınları ilə yerlərini dəyişir. Ərazilərimizdə hələ yeni səngər istehkam qurğuları yaradırlar, müşahidə kameraları qururlar, silahlanırlar, güclənirlər, təlimlər keçirlər. Bu da ondan xəbər verir ki, ermənilərin sülh haqqında dedikləri bütün fikirlər, təkliflər, sözlər riyakarlıqdan, vaxt qazanmaqdan başqa bir şey deyil. Bu səbəbdən də Azərbaycan tərəfi haqlı olaraq bütün bu təxribatlara cavab verəcəkdir. Son iki ildə baş verən bütün təxribatlara görə Rusiya sülhməramlıları da məsuliyyət daşıyırlar. Çünki onlar bu müddət ərzində etimadı doğrultmadılar”.

//Gülnarə Abasova, Editor.az