“Ermənistan və Qarabağda mövcud olan separatçı rejimin atdığı heç bir addım, o cümlədən Laçın keçid-məntəqəsi qarşısında tırlar və ya avtobuslarla dinc yürüş həyata keçirməsi heç nəyi dəyişməz”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev avqustun 2-dən Xankəndində Ermənistanın Qarabağa “humanitar yardm” şousuna dəstək vermək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” hazırlandığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təxribatlar Azərbaycanın fəaliyyətinə təhlükə yaratmayacaq:
“Eyni zamanda, Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılmasına gətirib çıxartmayacaq. Bunlar Azərbaycana qarşı aparılan təxribatdır. Qarabağ ərazisindəki tırlar ya gəldikləri kimi geri dönəcəklər, ya da Ağdam-Xankəndi yolundan istifadə edəcəklər. Avtobuslarla keçirilən dinc yürüşlər Azərbaycanın daxili qoşunları tərəfindən darmadağın edilməlidir. Kim ki, Azərbaycan vətəndaşı olmaq istəmirsə, elə həmin avtobuslarla Ermənistana yola salınmalıdır. Əgər həmin şəxslər arasında Azərbaycana qarşı cinayət törədənlər varsa, Bakıya gətirilməlidir. Ərazilərimizdə icazəsiz şəkildə yollara beton bloklar düzənləri də məsuliyyətə cəlb olunanlar sırasına daxil etmək lazımdır. Həmin bloklardan isə bu aksiyanı təşkil edən Arayik Artunyana möhtəşəm baş daşı da düzəldə bilərik. Mitinqlərin miqyasının genişlənməsi halında Azərbaycan üç gün ərzində Xankəndindəki xunta rejimi, bir həftə ərzində isə erməni separatçılarını tərki-silah edərək təmizləməlidir”.
//Safura Bənnayeva, Editor.az

