Qarabağda Donbas ssenarisinin təkrarlanmasına imkan verilməməlidir-AÇIQLAMAbackend

Qarabağda Donbas ssenarisinin təkrarlanmasına imkan verilməməlidir-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını təsdiqləyib. O, bu barədə jurnalistlərə açıqlamasında deyib: “Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq kifayətdir. Moskva bunu humanitar məqsədlər üçün edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir:

“Rusiya bilavasitə olsa da, separatçılığını etiraf edib özünə haqq qazandırmağa çalışıb. Məlum olduğu kimi, Rusiya sülhməramlıları Qarabağa müvəqqəti yerləşdikdən sonda bir çox fikir adamları, o cümlədən politoloqlar Donbass ssenarisinin gələcəkdə Azərbaycan torpaqlarında da təkrarlana biləcəyini istisna etmirdilər. Peskovun sözügedən açıqlaması bu ehtimalı daha da artırır. Görünür, Kreml əməlindən nə utanır, nə də çəkinir. Rusiyanın Cənubi Qafqazdan çıxmaq fikri yoxdur. Bu isə o deməkdir ki, Qarabağda rus hərbçilərinin fəaliyyət müddətinin bitməsi vaxtı yaxınlaşdıqca müxtəlif həmlələr ola bilər. Əvvəllər qeyd edildiyi kimi, bunlardan birincisi təxribatların sayının artmasıdır. İkincisi və bəlkə daha qorxulusu isə sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi ərazidəki insanlara rus pasportlarının paylanmasıdır. Belə olsa, işimiz xeyli çətinləşəcək”.

K. Novruzov qeyd edib ki, Moskva bir neçə ildən sonra imkanı olsa, geostrateji vəziyyət şərait yaratsa, oxşar addımı atmağa çalışa bilər:

” Əlbəttə, Kremlin həmin cəhdi təkcə regional proseslərdən yox, həm də Türkiyə, Qərblə münasibətlərdən, həmçinin Ukrayna ilə gərginliyin nəticəsindən asılı olacaq. Lakin, necə deyərlər, işi şansı buraxmaq lazım deyil. İndidən qabaqlayıcı addımlar atılmalıdır. Bunun üçün ilk növbədə Qarabağa köç prosesi sürətlənməlidir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin Yuxarı Qarabağın Azərbaycana məxsusluğunu tanıması istiqamətində daha ciddi işlər görülməlidir. Ermənistanın həmin vaxt Rusiya ilə razılaşmamasından ötrü regional əməkdaşlıq sürətlənməli, lazım gəldiyi halda təzyiqlər artırılmalıdır. Əlbəttə, bu məsələdə kommunikasiyaların açılması və Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası əsas məqamlardandır. Rəsmi İrəvana başa salmaq lazımdır ki, Rusiyanın “təşəbbüslərindən” ona heç bir xeyir gəlməyəcək. O vaxtadək Ermənistanda hakimiyyətin dəyişə biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, baş nazir Nikol Paşinyan iqtidarını Rusiya meyilli kimsə əvəz etsə, nə isə etməyə, “suları bulandırmağa” imkanı qalmasın. Bütün hallarda proseslər sürətlənməlidir. Rusiyanın Qarabağda Donbas ssenarini təkrarlamaması üçün bütün mümkün addımlar atılmalı, preventiv tədbirlər görülməlidir”.

//Gülnarə Abasova, Editor.az