İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
İkinci Qarabağ müharibəsi bitdikdən sonra qarşıya qoyulan əsas məsələlərdən biri də Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi idi. Lakin Qələbəmizin növbəti il dönümü yaxınlaşsa da sülh müqaviləsinin imzalanmaması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlamaması eyni zamanda, reinteqrasiya məsələsinin həllini tapmaması təəssüf doğuran məqamlardır. Reinteqrasiya dedikdə ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur. Məsələnin məğzi ondan ibarətdir ki, Qarabağın erməni icması ölkəmizin vətəndaşlığını qəbul edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət, ərazi iddialarından birdəfəlik imtina və cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq və separatçı meyllərdən imtina edəcək. Lakin qələbəmizdən bu günə qədər keçən zaman kəsiyində ermənilərin bu istiqamətdə müsbət addım atması əvəzinə intensiv təxribatların, atəşkəsin pozulması hallarının şahidi oluruq. Qarabağda qeyri-qanuni separatçı qrupun “liderləri” Arayiklər, Vardanyanlar erməni icmasını aksiyalara səsləyir, Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirirlər. Bunlar azmış kimi 10 noyabr üçtərəfli bəyannamə ilə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən də boyun qaçırır.
Bu sadalananlar fonunda belə bir sual ortaya çıxır ki, Qarabağda ermənilərlə birgəyaşayış hansı hallarda mümkündür?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda öz əksini tapmasına baxmayaraq çox təəssüf ki, bu günə qədər Qarabağda yaşayan erməni icmasının Azərbaycan ictimaiyyətinə reinteqrasiyası ilə bağlı heç bir pozitiv addım müşahidə edilməyib:
“Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, yerli erməni icmasının daxilində olan, Azərbaycana qarşı etnik nifrət əsasında tərbiyə olunan qruplaşmalar belə inteqrasiyanın baş tutmasını istəmirlər. Bu daxili faktorlardan biridir. Digər tərəfdən bir neçə xarici faktorlar da vardır ki, bu prosesin reallaşmamasında ciddi amil kimi çıxış edir. Bunlardan biri regionda sülh istəməyən bəzi xarici qüvvələrin təhriki, ikincisi, sülhməramlıların bəzi davranışları ermənini Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaması üçün motivasiya edir. Görünür, sülhməramlılar regionda daha uzun müddət qalmaq üçün sülhün əldə olunmasını istəmirlər. Lakin bu, qaçınılmaz bir prosesdir. Qarabağın erməni icması ya Azərbaycan vətəndaşlığını qəbul edib ərazilərimizdə yaşamağa davam etməlidir, ya da çıxıb getməlidirlər. Hazırda bu prosesin kritik mərhələsindəyik. Rəsmi Bakı bütün yumuşaq güc vasitələri ilə sülhün əldə edilməsi və ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün mühüm addımlar atır. Lakin bu humanist, hüquqi və yumuşaq addımlar effektiv olmasa, Azərbaycan daha sərt alətlərdən istifadə edərək nəhayət bu prosesə son qoymalıdır. Sülhməramlıların mandatı üç tərəfli bəyanatda göstərilib və onların çox az müddəti qalıb”.
H.Babaoğlu ermənilərin azərbaycanlılarla birgəyaşayış məsələsinə də aydınlıq gətirib: “Uzun illər Sovet və ondan əvvəlki dövrlərdə ərazilərimizdə yaşayan digər çoxsaylı etnik qruplar kimi ermənilər də Azərbaycan ərazisində yaşayıblar. Lakin fərq ondan ibarətdir ki, ermənilər həmişə ölkəmizə qarşı bölücü, separatçı əhval-ruhiyyədə olublar. Nəticədə isə bu iddiaların yanlış olduğu ortaya çıxıb. Bu Qarabağ erməniləri üçün də dərs olmalıdır. Bundan sonra Azərbaycana qarşı hər hansı bir ərazi iddiasını, statusu unutmalıdırlar. Cəmiyyətimizə inteqrasiya olunmağa köklənməlidirlər. Əks təqdirdə onların ölkəmizdə yaşaması mümkün olmayacaq. Tarixən mövcud olan birgəyaşayış təcrübəsini ermənilər yenidən mənimsəməlidirlər”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da məsələ ilə bağlı öz fikirlərini Editor.az-a bölüşüb:
“Sülh gedişatına baxdıqda Azərbaycanın ciddi cəhdlə reinteqrasiya prosesinə başlanılması üçün səylər göstərdiyini görürük. Dəfələrlə prezident İlham Əliyev də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Birinci maneə Ermənistan daxilində olan revanşist qüvvələr, separatçılardır. Əslində Ermənistan xalqı, Qarabağın erməni icmasının əksər hissəsi artıq müharibədən bezib. Bir hissəsi də Azərbaycanla reinteqrasiyada maraqlıdırlar. Lakin buna separatçılar mane olur. İkinci tərəfdən prosesin hələ də baş tutmamasında bir sıra dövlətlərin də rolu var. Rusiya sülhməramlı kontingentinin bəzi addımları da prosesə mənfi təsir göstərir. Digər tərəfdən Qərb bu gün də Ermənistanı dəstəkləyir. Onun təxribatlarına qarşı hər hansı bir sanksiya tətbiq edilmir. Buna görə də ermənilər sərbəst və rahat şəkildə öz addımlarını atır, bir sıra hallarda Azərbaycanın da ünvanına təhdidlər səsləndirirlər. Həm Ermənistan daxilindəki separatçılar, həm də bir sıra Qərb ölkələri bu prosesə mane olmamalıdır. Bölgəyə sülhün gəlməsi üçün çalışılmalıdır”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.