“Bir neçə il əvvəl “Qarabağ Ermənistandır” deyib sülh danışıqlarını pozan Nikol Paşinyan artıq yaranmış reallıqları anlamağa başlayıb. O, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib”.
Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırması cəhdinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Ermənistan baş naziri Nikol Paşinyan əlindən gələni edir ki, Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi”ni təmin etmək üçün beynəlxalq mexanizmləri prosesə cəlb etsin:
“O, əsasən Fransanın proseslərdə iştirakını təmin etməyə və Avropa İttifaqının missiyasını Qarabağ ərazilərinə gətirməyə çalışır. Rəsmi Bakı isə bunu qəbul etmir. Baş verənlərin fonunda Qarabağdakı erməni icması hələ də dünyada və bölgədə gedən prosesləri anlamadıqlarını göstərirlər. Eyni zamanda, Azərbaycan tərkibində heç vaxt yaşamayacaqlarını qeyd edirlər. Buna da nail olmaq üçün müqavimət göstərməyə çalışırlar. Ölkə başçısı İlham Əliyev sonuncu dəfə Laçında çıxışı zamanı açıq şəkildə bildirdi ki, əgər Qarabağ ermənilərinin “liderləri” amnistiyaya düşmək istəyirlərsə, oyuncaq vəzifələrindən imtina etməlidirlər. Ermənilərin qətiyyən gözləmədiyi halda bu bəyanata ən böyük dəstəyi ABŞ verdi. Azərbaycan Prezidentinin amnistiya barədə fikirlərini çox yüksək qiymətləndirdilər “.
Siyasi şərhçinin fikrincə, Qarabağ erməniləri dəstəkçilərini itiriblər: ” Nə Rusiya, nə də ABŞ onlara arzuladıqları dəstəyi verir. Fransa isə sadəcə dəstək verdiyi ilə bağlı görüntü yaratmağa çalışır. Kişineu sammitindən sonra da şahidi olduğumuz kimi təxribatçı, həqiqətə uyğun olmayan bəyanatlar verilir. Bu vəziyyətdə isə Qarabağ erməniləri rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə müxtəlif müdafiə qurğuları yaratmağa cəhd edirlər. Bu, ağılsızlıqdır. Azərbaycan “Fərrux” və “Qisas” əməliyyatlarında nəyə qadir olduğunun çox cüzi bir hissəsini ermənilərə nümayiş etdirdi. Onların müqavimət cəhdləri mənasızdır, Azərbaycan Ordusu üçün heç bir problem yarada bilməz. Rəsmi Bakı addım-addım Qarabağda suverenliyini təmin etmək istiqamətində irəliləyir. Heç şübhəsiz Azərbaycan öz məqsədlərinə nail olacaq”.
//Safura Bənnayeva, Editor.az

