İSTİQAMƏT:6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Məlumdur ki, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin bioloji müxtəlifliyinə, təbiətinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəyib. Erməni vandallarının fəaliyyəti ətraf mühitin məhvi ilə nəticələnən fəsadlara gətirib çıxardıb.
Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlanılıb. Ermənistanın törətdiyi bu ekoloji cinayətlərin mənfi təsirlərinin aradan qaldırılması, eləcə də ərazilərdə ətraf mühitin sağlamlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərəfindən ekosistemin bərpası tədbirləri hazırda da davamlı olaraq həyata keçirilir.
Milli Məclisin deputatı Naqif Həmzəyev Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan 30 il müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, maddi-mədəni, dini abidələrimizi talan edib, bütün infrastruktur viran qoyulub, hətta azərbaycanlıların qəbrləri təhqir edilib, məscidlərimizdə donuz və digər heyvanlar saxlanılıb:

” Nəticə etibarilə bu torpaqlardan türk-müsəlman, azərbaycanlı izini tamamilə silmək istəyiblər, hətta alban kilsələri belə erməniləşdirilib. Bununla da kifayətlənməyən erməni faşistləri tərəfindən bütün meşə massivi tamamilə talan edilib, yandırılıb, heyvanların nəslinin kəsilməsi üçün qanunsuz ov edilib ki, bu da nəticə etibarilə sayının azalmasına gətirib çıxarıb. İşğal altında olan Azərbaycan ərazilərində bütün faydalı qazıntılar talan edilərək erməni şirkətləri xarici şirkətlər tərəfindən kursant üsullarla çıxardırılaraq satılıb. Beləliklə ərazilərimizdə böyük ekoloji fəlakətə səbəb olublar. Bununla yanaşı, Azərbaycan torpaqlarında bir milyondan çox mina basdırılma faktı aşkarlanıb. Hal-hazırda minaların təmizlənməsi üçün böyük vəsait, zaman tələb edilir. Ermənistan tərəfi minaların xəritəsini də bu günə qədər Azərbaycana tam olaraq təqdim etməyib və təqdim etdiklərinin də doğruluq faktı 25 faizi keçmir. Göründüyü kimi, Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazilərində yenidən həyatın bərpası üçün isə uzun zamana, böyük vəsaitə ehtiyac var”.
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi Prezident İlham Əliyevin göstərişi ilə bu ərazilərə dəymiş ziyanın hesablanması ilə bağlı tədqiqatlara başlayıb:
“Hazırda bu istiqamətdə işlər davam etdirilir. Buna paralel olaraq da torpaqlarımızda quruculuq-abadlıq, bərpa işləri həyata keçirilir. Ekologiyaya dəymiş ziyanın aradan qaldırılması üçün iki il ərzində Qarabağda çoxlu sayda ağaclar əkilib, bununla yanaşı minalardan təmizlənmiş ərazilərimizdə əkinə yararlı torpaqlarda bitkilərin əkilməsinə start verilib, suvarma sistemləri yenidən qurulur və sayı azalmış, nəsli kəsilmiş heyvanlar yenidən təbiətə buraxılır. Bir sözlə, Qarabağda həyatın canlanması, bərpası üçün xüsusi tədbirlər planı həyata keçirilir. Cənab Prezident İlham Əliyev tərəfindən Qarabağa ” Böyük Qayıdış”la bağlı strateji plan təsdiqləndikdə də keçmiş məcburi köçkünlərin də bura köçürülməsi ilə yanaşı, torpaqların ekoloji problemlərinin aradan qaldırılması üçün də xüsusi tədbirlər planı təsdiqlənib. Buna uyğun olaraq da mərhələli şəkildə ərazilərdə ekoloji problemlərin aradan qaldırılması üçün xüsusi işlər həyata keçiriləcək. Paralel olaraq həyata keçirilən bu işlər öz məntiqi nəticəsini verəcək, bu ərazilər ən qısa zamanda cənnət məkanına çevriləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra dekabrın əvvəlində nazirliyin tərkibində xüsusi işçi qrupu yaradılıb:

” 2020-ci il dekabrın əvvəlindən bu günə qədər ərazilərimizdə monitorinqlər həyata keçirilir, qiymətləndirmələr aparılıb və nəticələri ictimaiyyətə açıqlanıb. 30 ildə işğal altında qalan torpaqlarımıza ermənilər tərəfindən dəyən ən böyük ziyan 1992-ci ildə 233 min hektar yaşıllıq sahəsinə olub. 233 mindən 54 min hektar ərazidəki 500 ildən-1500 ilə qədər yaşı olan ekoloji pasportu olan ağaclar tamamilə kəsilib, meşələr məhv edilib, yandırılıb. Bundan başqa çay məcralarında çay daşları istismar edilib ki, bu da məcraların quruluşunun məhvinə gətirib çıxardıb. Çaylar üzərində kiçik hidroelektrik stansiyaları qurulub ki, onlar da çayların təbii rejiminə təsir edir”.
A. Məmmədov qeyd edib ki, Ermənistan 27 il ərzində işğalçılıq siyasəti yürütməklə bərabər, Azərbaycanın təbii ehtiyatlarını, resurslarını da mənimsəyib:
“İllərdir Kəlbəcərdə yerləşən qızıl yataqlarından hasil edilən ehtiyatlar dünya bazarlarına Ermənistan istehsalı kimi çıxarılır. Kəlbəcərdə 1982-ci ildə təsdiqlənmiş qızıl ehtiyatı 280 ton hesablanıb. 27 il ərzində onun 59 tonu qanunsuz şəkildə çıxarılıb. Cəbrayıl, Zəngilanda tikinti xammalı Ermənistana daşınıb. İrandan qanunsuz şəkildə cinayətkar qruplar ərazilərimizə keçərək sərvətimizi talan ediblər. Bununla yanaşı, Kəlbəcərdə mineral su ehtiyatları da qanunsuz şəkildə Ermənistana aparılaraq “Cermuk” suyu adı ilə satışa buraxıblar. Hər bir məsələ ilə bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə qiymətləndirməsi aparılıb, faktlar toplanılıb. Gələcəkdə beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıla bilər. Qarabağda ciddi abadlıq- qurulucuq işləri yanaşı, ekologiyanın bərpası istiqamətində də işlər aparılır. Əsasən yaşıllıqların bərpası istiqamətində işlər gedir. Məhv edilən yaşıllıq sahələri yenidən salınır. Türkiyənin dəstəyi ilə Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” layihələri gələcəkdə bir milyon tingin istehsal olunması, əkilməsi və yaşıllıq ərazilərin genişləndirilməsi nəzərdə tutur. Artıq demək olar ki, müxtəlif rayonlarda bir neçə hektar ərazidə müxtəlif növ ağaclar əkilib. İstismar olunan yataqlarla bağlı hələ ki heç bir iş görülmür. Onlar sübut olaraq saxlanılır. 2022-ci il ərzində Qarabağda BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə qiymətləndirmələr aparılıb, nəticədə təxminən 29 milyon ton tikinti tullantısı aşkarlanıb. Onların təkrar istifadəsi ilə bağlı BMT ilə birgə layihə hazırlanır. Digər tərəfdən Zəngilanda transsərhəd Oxçuçayın çirkləndirilməsi ilə bağlı da dövlətimiz beynəlxalq konvensiyalara uyğun məsələ qaldırmağı planlaşdırır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


