Qarabağda müharibə riski artır – Ermənistanın yerinə Azərbaycanla onlar döyüşəcək?backend

Qarabağda müharibə riski artır – Ermənistanın yerinə Azərbaycanla onlar döyüşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan başa düşməlidir ki, Qafqaz regionunda yad cism olmaqdan artıq imtina etməlidir. Bu gün müəyyən dairələrin, güc mərkəzlərinin, revanşist qüvvələrin bu və ya digər yollarla küçələrə çıxararaq Paşinyanın istefasını tələb edən kütlə anlamalıdır ki, artıq İrəvanın destruktiv mövqe sərgiləmək üçün heç bir şansı qalmayıb.

Əgər Ermənistan tərəfi birgə bəyanatın şərtlərində nəzərdə tutulan tələbləri yerinə yetirməzsə, bu qərar Ermənistanın birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiyanın öz öhdəliklərinə əməl etməməsi kimi dəyərləndiriləcək. Çünki, əgər üçtərəfli birgə bəyanatı imzalayan tərəflərdən ikisi (Rusiya və Ermənistan) öz öhdəliklərini yerinə yetirmirsə, bu zaman Azərbaycanın da öz öhdəliklərini yerinə yetirilməsi zərurəti tamamilə ortadan qalxır.

Belə olan halda isə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Necə ki, bunu Prezident İlham Əliyev son bəyanatlarında açıq şəkildə bildirib. Daha da konkretləşdirsək, Ermənistan öhdəliklərindən imtina etsə, sülhə qarşı çıxsa, Azərbaycan da 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər döyüş əməliyyatlarını davam etdirə bilər. Bunu Nikol Paşinyan da yaxşı bilir, Qərb də. Çünki Azərbaycan lideri son təmaslar zamanı bu barədə istər Avropa İttifaqının nümayəndələri ilə, istərsə də Ermənistan rəhbərliyi ilə kifayət qədər açıq danışıb.

Rəsmi İrəvan Brüssel görüşlərindən sonra göstərdi ki, öz ritorikasını dəyişə bilər. Lakin bu gün yenidən kənar müdaxilələr, təhdidlər nəticəsində Nikol Paşinyan geri addım atarsa, bunun məsuliyyətini elə ilk növbədə erməni baş nazir özü daşıyacaq. Çünki Azərbaycan daha bir neçə ilə gözləmək fikrində deyil. Ermənistanın sülhdən imtinası Azərbaycana müharibə elanı deməkdir. Aydın məsələdir ki, sülh olmayacaqsa, müharibə qaçılmazdır. Bu isə nə Paşinyanın, nə də Qərbin planlarına daxildir.

Qarşıda 44 günlük müharibə ilə ordusu zəlil vəziyyətə düşən bir Ermənistan var. Ermənistanın Brüssel görüşünün ikinci raundundan sonra rəsmi Bakının 5 maddəlik sülh paketindən imtinası öz ayağına atəş açmaqdan başqa bir şey ola bilməz. Qərb də yaxşı anlayır ki, İrəvandan vəziyyəti gərginləşdirmək üçün atılacaq istənilən addım ancaq Rusiyanın maraqlarına xidmət məqsədi güdəcək. Çünki Moskva onun iradəsindən kənar Cənubi Qafqazda bir məsələnin belə çözülməsinin tərəfdarı deyil. Daha dəqiq desək, Kreml anlayır ki, Qarabağ münaqişəsi bitsə Rusiyanın regiona təsiri sıfra enəcək.

Elə bu səbəbdən də son günlər Ermənistan-Azərbaycan sərhəddində gərginliyin artmasına “xidmət edən” hadisələr yenidən çoxalmağa başlayıb. Xüsusən də Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında bu təxribatların qeydə alınması, rəsmi Bakını narahat etməyə bilməz. Çünki iki gün əvvəl Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərin yenidən mühəndis işlərinə start verdiyini əks etdirən görüntülər yayılmağa başladı.

Erməni yaraqlıların Xocavənd istiqamətində uzunmüddətli atəş mövqeləri qurduğu, səngərlər qazdığı açıq şəkildə müşahidə olunub. Qeyd etdiyim kimi, üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verməsi, bir daha son günlər sərhəddə eşidilən atəş səslərinin arxasında hansı qüvvələrin dayandığını müəyyənləşdirmək baxımından bir daha önəmlidir. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar. Əslində isə onlara bu səhlənkarlığı etmək əmrinin məhz elə Moskvadan gəldiyi də sirr deyil.

Çünki kadrlardan da aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə onların bu təxribatlarını tam rahatlıqla, təhlükəsiz şəkildə yerinə yetirmələri üçün “cangüdənlik” funksiyasını yerinə yetiriblər.

Amma Moskva da, İrəvan da bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bunu 44 günlük müharibə də sübut etdi. Rusiya üçtərəfli bəyanatları, bu ilin 23 fevral tarixində Moskvada Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanan müttəfiqlik Bəyannaməsini unudursa, rəsmi Bakı məqsəd və məramını bir an olsun belə unutmayıb. Bu məqsəd uğrunda sona qədər, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, son qanına qədər döyüşəcəyini bilməlidir.

Bu mənada dövlət başçısının aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı dediyi “Hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu” fikirləri ermənilərin konstruktivlik nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev bu açıqlaması ilə bir daha açıq bəyan etdi ki, müharibə zamanı biz tək Ermənistana qarşı yox, onu dayanmadan silahlandıran Rusiyaya, onun hərbi imkanlarına qarşı savaşdıq. Azərbaycan lideri son proseslər fonunda belə bir həssas zamanda bu tip açıqlama etməklə Ermənistan rəhbərliyinə bir daha mesaj verdi ki, Rusiya və digər sənə dəstək sözü verən qüvvələrə arxayın olub sülh danışılarını pozacaq hər hansı addım atmağa cəhd etmə, çünki indi Ordumuz 44 günlük müharibədəkindən də güclüdür. Azərbaycan Prezidenti bu xəbərdarlıqla Ermənistandakı revanşist qüvvələrə bəyan etmiş oldu ki, əgər İkinci Qarabağ müharibəsindən sonra uzun illər sonra da olsa özünüzə gəlmək şansınızı saxladınızsa, bu dəfə bir dövlət kimi mövcudluğunuz şübhə altına qala bilər. Bunun üçün Azərbaycanın bütün imkanları mövcuddur.


Milli.Az