Qarabağda tikilən hava limanları Azərbaycana nə verəcək?backend

Qarabağda tikilən hava limanları Azərbaycana nə verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan sürətli şəkildə Qarabağın yenidən bərpası prosesinə başladı. Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir.

İlk olaraq limanının uçuş-enmə zolağının uzunluğu üç kilometr, eni 60 metr və perronun sahəsi 60 min kv.m-ə qədər olan Füzuli beynəlxalq hava limanı inşa olunmağa başlanıldı. Bu hava limanından 5 sentyabr tarixində ilk reysin yerinə yetirilməsi nəzərdə tutulur.

Digər hava limanı isə Zəngilanda tikintisi aparılır. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq və hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Hava limanının 2022-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

Üçüncu hava limanının tikintisi isə Laçında aparılır. Bu hava limanının yerləşmə yeri isə öz unikallığı ilə fərqlənir. Beləki bu hava limanın Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir. Bu hava limanının da uçuş-enmə zolağı standartlara uyğun olaraq üç kilometrdir. Laçın beynəlxalq hava limanına da bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Bu hava limanı yerli şirkət tərəfindən inşa olunacaq.

Bəs bu hava limanları Azərbaycana və ümumilikdə bölgəyə nə verəcək?

Hava limanlarının hərbi əhəmiyyəti

Hərbi əhəmiyyəti baxımından Laçında tikiləcək hava limanını xüsusi qeyd etmək lazımdır. 10 noyabr bəyatnatından sonra da daimi təxribatlarını davam etdirən Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə hava limanının olması vacibdir. Əgər gələcəkdə Ermənistan tərəfi hər hansı təxribatlara əl atma ehtimalı nəzərə alınarsa bu bölgənin nəqliyyat strukturunun bərpası zəruridir.

II Qarabağ müharibəsi müharibə tarixində yeni texnologiyaların tətbiq olunması ilə də düşdü. Bu baxımdan PUA-ları xüsusi qeyd etmək lazımdır. Artıq müasir müharibələr insan qüvvəsindən əlavə PUA-lar və dronlarla aparılır. Azərbaycanın Vətən müharibəsində effektiv istifadə etdiyi “Bayraktar TB-2” uçuş aparatının effektiv idarə məsafəsi 150 km-dir. Laçında və Zəngilanda hava limanın olması da PUA-ların effektiv uçuş məsafəsini daha da genişləndirir. Bu hava limanlarının hərbi obyekt kimi hərbi əhəmiyyətinin bir hissəsidir.

Qarabağın hava limanları yükdaşımalarına necə təsir edəcək?

Qarabağda tikilməkdə olan beynəlxalq hava limanlarıı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanları həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına sürətli şəkildə çıxarılması üçün də böyük önəm daşıyır. Bu da öz növbəsində bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.

Zəngilan Hava Limanı Zəngəzur dəhlizi ilə əlaqələnəciyini nəzərə alsaq bu istiqamətdə yükdaşımalarına ciddi şərait yaranmış olacaq. İlk olaraq Azərbaycanın Naxçıvan istiqamətində yükdaşıma xərcləri azalacaq, vaxt itkisi isə aradan qalxacaq. Artıq üçüncü ölkə ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.

Naxçıvanla bərabər Türkiyəyə də yükdaşımaları asanlaşmış olacaq. Müqayisə üçün deyək ki, ötən il Türkiyə ilə idxal və ixrac olunan malların ümumi dəyəri 5 milyard dollardan çox olub. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, bu rəqəmin daha da artacağı labüddür.

Hava limanlarının bölgə turizminə faydaları

İstər ölkə ictimaiyyətində, istərsə də xaricilər arasında Qarabağa ciddi maraq mövcuddur. Qarabağın gözəl təbiəti, tarixi-memarlığı, qədimliyi fonunda Azərbaycanın orada keçirdiyi uğurlu hərbi əməliyyatlar regiona başqa bir xüsusi cazibə qatır. Təbii ki, ilk növbədə əsas məsələ insanların təhlükəsizliyinin təmin olunmasıdır, ona görə də ərazilər tam minalardan təmizlənməlidir.

Ekspertlər də öz növbəsində azad olunmuş ərazilərin turizm potensialını yüksək qiymətləndirir. Bu hava limanları bu turizm potensialından effektli istifadə etməyə tam imkan verəcək. Əhəmiyyəti baxımından Laçın beynəlxaq hava limanını xüsusi qeyd etmək lazımdır. Belə ki, bu hava limanının həm, Laçın, həm Kəlbəcər və eyni zamanda Şuşaya yaxın olması turistlərin təyyarə ilə Şuşaya gedə bilməsinə imkan yaradacaq.

Yəni Şuşaya gəlmək istəyən xarici turist və ya elə Bakıda yaşayan vətəndaş Şuşaya getmək üçün uzun məsafə qət etməsinə ehtiyac qalmayacaq. Həmin şəxs xarici ölkədən elə birbaşa Laçın beynəlxaq hava limanına gedə biləcək. Bölgənin reylefini nəzərə alsaq, hava nəqliyyatının mövcud olması olduqca əhəmiyyətlidir.

Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri