Qarabağda törədilən terrorun əsas məqsədi: Hadisədə Rusiyanın yoxsa Qərbin əli var?- AÇIQLAMAbackend

Qarabağda törədilən terrorun əsas məqsədi: Hadisədə Rusiyanın yoxsa Qərbin əli var?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Ötən həftənin şənbə günü Laçın-Xankəndi yolunun Daşaltı kəndi istiqamətində erməni terrorçunun törətdiyi terror hadisəsi açıq-aydın göstərir ki,  sülh prosesinə qarşı təxribat aparılır.  Baş verən hadisə müxtəlif istiqamətlərdə təhlil edilir. Hərbiçilərimizin  postumuza qumbara atan terrorçunu niyə  güllələməkləri ilə bağlı müxtəlif müzakirələr gedir. Nəzərə almaq lazımdır ki, baş verən hadisədə biz real vəziyyəti bilmirik. Ola bilsin çaxnaşma  düşdüyü an hərkəs qəlpədən qorunan zaman cinayətkar fürsətdən istifadə edərək qaça bilib. Digər tərəfdən hadisənin baş verdiyi  ərazidə Azərbaycan əsgərləri ilə rus əsgərlərinin təmas xəttini bilmirik. Bəlkə də terrorçu təmasa çox yaxın olub dərhal sülhməramlıların nəzarətində olan əraziyə qaçıb. Ona görə  hərbiçilərimiz cinayətkarın arxasıyca getməyib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq qeyd edib ki, sözügedən hadisə hansı tərəfdən təhlil edilirsə-edilsin, ortada yalnız bir reallıq var ki, baş verənlər sülhə xidmət etmir:

” Baş verən cinayət hadisəsindən əvvəlki günlərin əsas gündəm mövzusu Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demakrasiyası, Zəngəzur dəhlizinin açılması idi. Görünən odur ki, bu məsələlər gündəmdə qalmaqda davam edəcək. Postların irəli-geri çəkilməsi, Laçında baş verən təxribat və ermənilərin bitmək bilməyən cinayətkar əməlləri onu göstərir ki, Ermənistan  yenə əsassız iddialar irəli sürərək ara qarışdıracaq. Beləliklə beynəlxalq ictimaiyyətin diqqəti yenə Qarabağda baş verən hadisələrə yönələcək. Yenidən “Qarabağ problemi” adlı məsələ dünya ictimaiyyətinə təqdim olunacaq. Ermənistan çalışır ki,  dünya ictimaiyyətini bu münaqişənin bitməsi fikrindən yayındırsın. Ermənistanın əsl məqsədi budur. Bununla Zəngəzur dəhlizinin açılmasını uzadaraq münaqişənin bitmədiyini əsas gətirəcək. Əsas gətirəcək ki, münaqişə olduğu dövrdə Azərbaycanla Ermənistan ortaq yol çəkə bilməz.  Qısacası Ermənistan hakimiyyəti və ya Ermənistanda daxili revanşist qüvvələr Azərbaycanın şərtlərini, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir”.

Siyasi analitik baş verən təxribatlarda Rusiyanın da əli ola biləcəyini düşünür:

“Bilirsiz ki, noyabr ayının ilk 10 günlüyündə Moskvada üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulurdu. Bunu Peskov da elan etmişdi. Lakin Azərbaycan bu görüşə qatılmadı. Yəqin ki, burada pərdəarxası məqamlar rol oynayır. Rusiya elə şərtlər irəli sürə bilər ki, Azərbaycan bu şərtlərlə müqavilənin imzalanmasına razı olmaya bilər. Çünki Azərbaycanın şərtləri aydındır. Qarabağda baş verən cinayətə Rusiya tərəfinin göz yumması və cinayətkarın himayə edilərək cinayətin Azərbaycan ərazisində törədilməsinə baxmayaraq Azərbaycana təhvil verilməməsi artıq bəzi məqamları göz önünə qoyur. Demək ki, Azərbaycana qarşı aparılan təxribatda Rusiyanın da əli var”.

Turab Rzayev  qeyd edib ki, digər ehtimal törədilən hadisədə Qərbdən Paşinyanın havadarlarının rolunun olmasıdır:

“Əsas məqsəd diqqətləri münaqişəyə yönəltmək və region ölkələrinə maraqlı olan Zəngəzur dəhlizinin açılmasına mane olaraq regionda sülhün davamlılığını pozmağa çalışmaqdır. Qərb ölkələri bununla da ATƏT-in Minsk qrupunu yenidən dirçəltməyə və bunu Azərbaycana qarşı “təzyiq” vasitəsi kimi istifadə etməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az