“Qarabağın işğaldan azad edilməsindən cəmi 1 il keçib. Bu müddət ərzində Azərbaycan işğaldan azad edilən bölgələrdə çox böyük işlər görüb. Hal-hazırda Qarabağda da abadlıq-quruculuq işləri sürətlə davam edir. Bir tərəfdən isə 10 noyabr bəyanatının bəzi müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir və bu bəyanatı imzalayan digər tərəf Rusiya bu məsələyə dözümlü yanaşır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycan cəmiyyəti, dövləti Türkiyənin Qarabağda təmsilçiliyini istəyir və dəstəkləyir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Düşünürəm ki Türkiyə Böyük Millət Məclisi bu məsələdə daha əvvəl çıxartdığı qərarı yenidən təkrarlayacaq. Türkiyə hərbiçilərinin Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunmağı Bakının maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən təxribatlar da tam kəsilməyib. Buna görə Qarabağda Türkiyə hərbiçilərinin varlığı ən azından Rusiya sülhməramlılarının yerləşdirilməsi qədər labüddür”.
//Gülnarə Abasova, Editor.az

