“Bakı və İrəvan arasında ötən gün baş tutan növbəti mübadilə prosesində 10 erməniyə qarşı azad edilmiş digər ərazilərin mina xəritələri alındı. Bu “barter” həm Rusiyanın, həm Azərbaycanın uğuru oldu”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın uğuru ona görə oldu ki, Moskva Brüssel görüşündən öncə gündəmin əsas problemini həll etməyə, Avropadakı görüşün əhəmiyyətini azaltmağa çalışdı:
” Həmçinin, İrəvanın Moskvaya qarşı ikili manevrlərinə cavab olaraq gözlənilirdi ki, Rusiya Azərbaycanın xeyrinə olan addım atacaq. Digər tərəfdən Rusiya tərəfi dəfələrlə yalnız humanitar məsələlərdə Qərbi ortaq kimi görürdü və bu problemin aradan qalxması bir daha göstərdi ki, Moskva Qarabağla bağlı fundamental problemlərdə yalnız özünü moderator olaraq görür və bunu qarşı tərəfə qəbul etdirməyə çalışır. Azərbaycanın uğurudur ona görə ki, əvvəla bütöv bölgənin xəritələri verilir, həm də fərqli iddia ilə. Üstəlik ermənilərin israrlı şəkildə iddia etdiyi əsir məsələsi də fərqli yöndən həllini tapdı. Qarabağda tutulan separatçılar deyil, 16 noyabr sərhəddə yaxalanan diversantlar qaytarıldı. Bu o deməkdir ki, Azərbaycan tərəfi Qarabağda əsir məsələsi daxil olmaqla istənilən problemin bizim dövlət olaraq şəxsi məsələmiz olduğunu mesaj verir. İkinci tərəfdən göstərilir ki, bizim qalib tərəf kimi nələrə qərar verəcəyimiz öz işimizdir. Üçüncü tərəfdən, topu özümüzdə saxlayaraq diversant kartından növbəti dəfə də öz xeyrimizə yararlanmağı planlaşdırırıq”.
//Gülnarə Abasova, Editor.az

