“Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək Qarabağda yerləşən separatçı-terrorçu qurumun fəaliyyətinə son verdikdən sonra ərazinin idarə edilməsi təbii ki, Azərbaycanın dövlət qurumlarının Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə öz fəaliyyətini təşkil etməklə olacaq. Hələlik bu prosesin Prezidentin xüsusi nümayəndəsinin nəzarətində olacağı dəqiqdir. Ola bilsin ki, Qarabağda yaşayan erməni əhalinin müəyyən hissəsini idarəçiliyə cəlb edilməsi faktları olsun. Çünki ən azı digər erməni əhali ilə ünsiyyət qurmaq üçün buna ehtiyac olacaq. Xankəndi şəhərinin də idarəsini dövlət strukturları həyata keçirəcək”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, ərazilərin Azərbaycanın dövlət strukturlarına inteqrasiyası üçün Prezidentin xüsusi fərmanı lazım olacaq:
“Bu, inteqrasiyanın istiqamətlərini və erməni əhalinin hüquqlarının müəyyən nüanslar tələb edən hissəsi üçün lazımdır ki, burda erməni əhalisinin təhsil, dil, Ermənistanla əlaqə və s. kimi maraq doğuran sualları cavab tapmalıdır. Azərbaycan qanunvericiliyinə əsasən bələdiyyə orqanlarına seçkilər keçirilməsi mümkündür. Amma bunun üçün zaman lazımdır. Əgər vaxt dəyişməsə bələdiyyə seçkiləri Azərbaycanda gələn ilin sonuna olmalıdır. Amma hesab edirəm ki, buna kimi bələdiyyələrə özünüidarə hüquqları verilməsi məsələsi referendumla həll olunmalıdır ki, hər şəhər bələdiyyəsi şəhərin idarəsini həyata keçirsin. Xankəndidə də bələdiyyə seçkiləri olarsa, erməni əhali də bu idarəetmədə yer alacaq”.
//Gülnarə Abasova, Editor.az

