Qarabağda yaşayan ermənilər Bakıya dəvət olunub: Bu addım nədən xəbər verir?backend

Qarabağda yaşayan ermənilər Bakıya dəvət olunub: Bu addım nədən xəbər verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda yaşayan ermənilərin Bakıya dəvət olunması müsbət addımdır. Hesab edirəm ki, bu dəvəti tək Ermənistan dövləti deyil, bütün dünya ölkələri və beynəlxalq təşkilatlar da alqışlamalıdır. Bu addım Azərbaycanın necə sülhsevər və sabitliyi dəstəkləyən bir dövlət olmasının göstəricisidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Politoloq bir neçə gün öncə Azərbaycan nümayəndə heyəti ilə erməni əsilli vətəndaşların Xocalıda baş tutan görüşündə diqqətçəkən bəzi məqamlara da toxunub:

“Ermənistan dövlətindən bəzi rəsmilər və separatçılıqla məşğul olan qüvvələr bu görüşə mane olmağa çalışdı. Xankəndində yaşayan erməni əsilli şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyi düşünür. Onlar arzu edirlər ki, bundan sonra Azərbaycan kimi azad və suveren dövlətin vətəndaşlığı altında yaşasınlar. Ancaq onlar Ermənistan dövləti və bir sıra separatçıların təzyiqi altındadırlar. Tək Ermənistanı yox, digər havadarlarını da sülh istiqamətində atılan bu cür addımlar narahat edir. Orada yaşayan vətəndaşlarla müzakirələrin həyata keçirilməsini istəməyən bu qüvvələr ümumiyyətlə sülh müqaviləsinin maksimum dərəcədə ləngiməsini arzulayırlar. Ancaq hesab edirəm ki, ərazilərimizdə yaşayan erməni xalqı da artıq sülhün imzalanmasını istəyirlər. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyi tam aydındır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, kim istəsə Qarabağ iqtisadi zonasında Azərbaycan vətəndaşı olaraq yaşaya bilər. Ancaq başqa təfəkkürdə olan şəxslərə isə qapı açıqdır, onlara heç kəs mane ola bilməz. Azərbaycan ərazilərində hər kəs bu ölkənin qanunlarına hörmət və əməl edərək yaşamalıdır”.

//Gülnarə Abasova, Editor.az