“Son günlər Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra bəzi erməni mediasında, xəbər portallarında, eyni zamanda erməni diaspora təşkilatları hesabına maliyyələşdiyi güman edilən Rusiya mətbuatında Azərbaycanın Qarabağ bölgəsində yaşayan, Azərbaycan vətəndaşlığını qəbul etməli olan erməni icmasının nümayəndələrinə, separatçı ermənilərə Rusiya pasportlarının paylanılacağına dair informasiyalar yayılıb”.
Bu sözləri Editor.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

O, bildirib ki, bir neçə ay bundan əvvəl də Qabarağda yaşayan ermənilərə Rusiya pasportlarının veriləcəyi ilə bağlı məlumatlar yayılmışdı:
“Məqsəd Azərbaycan tərəfinin bu məsələyə reaksiyasını yoxlamaq idi. Azərbaycanın həm rəsmi, həm də ictimai mövqeyi açıq şəkildə ortaya qoyularaq bəyan edildi ki, belə bir addımın atılması mümkünsüzdür. Bu hal birbaşa Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndiriləcək. Hesab edirəm ki, bu cür məlumatlar Ermənistandakı revanşist qüvvələr və bu qüvvələrə son seçkilərdə böyük miqdarda maliyyə dəstəyi göstərən Rusiyada yaşayan erməni milyarderləri tərəfindən qabardılır. Ermənistanda parlament seçkilərinin nəticəsi olaraq revanşistlərin məğlubiyyətini qəbul etmək istəməyən həmin qüvvələr tərəfindən belə informasiyalar yayılır. Onlar çox gözəl dərk edirlər ki, Paşinyanın yenidən hakimiyyətə gəlişi ilə Qarabağda hələ də mövcud olan seperatçı qüvvələr, Ermənistana məxsus silahlı qüvvələr ərazilərimizdən çıxarılacaq. Paşinyanın artıq başqa çıxış yolu yoxdur. Seçkilərin nəticələri Qarabağdakı separatçı qüvvələrin radikal qanadı Balasanyan və onun əlatılarının ümidləri puça çıxardı”.
Politoloq qeyd edib ki, qısa zaman ərzində Ermənistan 10 noyabr və 11 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacaq və Qarabağ ərazisində Azərbaycan dövlətinin suveren hüquqları tam şəkildə təmin ediləcək.
//Gülnarə Abasova, Editor.az

