“Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçiliyi keçirilən Brüssel görüşü Azərbaycanın bir daha danışıqlar masasında qalib kimi ayrılması ilə nəticələndi. Demək olar ki, Brüssel danışıqlarında “Minsk qrupu” formatı müzakirə olunmur. Xüsusilə, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində danışıqlar aparılır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi analitik bildirib ki, Brüsseldə bu ilin noyabr ayında növbəti görüş keçirilməsi razılaşdırılıb:
“Paralel olaraq sərhədlərin delimitasiya və demakrasiyası üzrə komissiyanın iclasının keçirilməsi Brüsseldə qərara alınıb. Bu görüşdə ictimaiyyətə geniş açıqlama verilməsinə baxmayaraq, əldə edilmiş razılaşmalara əsasən, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqları hissə-hissə çıxarılacaq və yerdə qalan qanunsuz silahlı erməni birləşmələrinin ləğvi həyata keçiriləcək. Məhz ötən gün Xankəndində keçirilən etiraz aksiyasında ermənilər Ermənistanla Azərbaycan arasında bu kimi razılaşmalardan narazı olduqlarını elan etdilər”.
M.Əsədullazadənin sözlərinə görə yerli separatçıların liderləri qanunsuz silahlı birləşmələrin ləğvini Azərbaycan rəsmiləri ilə müzakirə edərək Bakının tələblərinin yerinə yetirilməsinə razılaşıblar:
“Prosesdə danışıqları yerli separatçıların lideri Vitali Balasanyan aparır. Arayik Arutunyan haqqında həbs qərarı olduğu üçün o bu kimi danışıqlarda iştirak etmir. V. Balasanyanın birinci Qarabağ müharibəsində Azərbaycanla danışıqlar aparmaq təcrübəsi var. Bu ilin noyabr ayına kimi Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və noyabr görüşündə sülh müqaviləsinin bağlanması üçün işçi qrupu yaradıla bilər. Göründüyü kimi, Avropa İttifaqının vasitəçiliyi müəyyən qədər effektlidir. Rəsmi Bakı bu danışıqlardan məmnundur. Ermənistan danışıqlardan yayınmasa, Azərbaycanla gələn ildən başlayaraq real sülh danışıqları başlaya bilər. Baş verən siyasi proseslər Azərbaycan prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin uğurlu məntiqi nəticəsidir. Ermənistanla paralel danışıqlar aparmaqla, Xankəndindəki separatçıları da Rusiyanın nəzarətindən çıxarmağa çalışır”.
//Gülnarə Abasova, Editor.az

