“Bu gün sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan arasındakı danışıqlar üç müstəvidə aparılır. Bunlar Brüssel, Vaşinqton və Moskva platformalarıdır. Qarabağdakı erməni icması ilə danışıqların aparılması da Azərbaycanın daxili işidir. Bunun necə və hansı müstəvidə aparılmasını Azərbaycan təyin edir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağın separatçı liderlərindən Tiqran Petrosyanın “ABŞ və Avropa indi üçüncü ölkədə Azərbaycan və “Artsax” nümayəndələri arasında görüş təşkil etməyə çalışır, ilkin razılaşmaya əsasən, avqustun 1-də Sofiyada ictimai təşkilatların nümayəndələri arasında görüş keçirilməli idi, lakin Bakı heç bir səbəb göstərmədən görüşdən imtina etdi”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan və Qarabağdakı separatçılar ciddi cəhdlə bu danışıqlara beynəlxalq statusun verilməsi və üçüncü tərəfin iştirakı ilə baş tutmasına çalışır:
“Lakin bu, absurd məsələdir. Prezident İlham Əliyevin də mövqeyi danışıqlardan yanadır. Bütün bu danışıqlar da Azərbaycanın diktəsi ilə keçirilməlidir. Erməni mediasında yer alan xəbərlərdə danışıqların QHT, ABŞ-ın da iştirakı ilə Bolqarıstanda keçirilməsi ilə bağlı məlumatlar öz əksini tapırdı. Hansısa QHT və ya müxtəlif siyasi qurumlar arasında danışıqlar gedə bilər, lakin kiminsə məsələyə beynəlxalq səviyyədə status vermə cəhdi baş tutmayacaq”.
Deputatın fikrincə, son məkan kimi danışıqlar prosesinin aparılması üçün Azərbaycanın Yevlax şəhərinin seçilməsi də mühüm əhəmiyyətə malikdir: ” Lakin buna mane olan qüvvələr də var. Vaxtilə Qarabağda cinayət törədən Köçəryanlar, Sarkisyanlar ciddi cəhdlə çalışır ki, bu danışıqlar baş tutmasın. Çünki bunların sonu cinayətdir. Qarabağda üç qrup erməni yaşayır. Birincisi, Azərbaycan bayrağı, qanunları altında yaşamaq istəyənlər, ikincisi, bu və ya digər formada köçürülənlər hansı ki, indi qaçmağa cəhd edirlər. Üçüncüsü də özlərinə qondarma vəzifələr təyin edən separatçılardır. Son humanitar yardım adı altında təzyiqlərə baxmayaraq Azərbaycanın mövqeyi qətidir. Dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan erməni icması Azərbaycan vətəndaşıdır və Azərbaycan digər qruplara bəslədiyi münasibəti onlara da göstərməyə hazırdır. Ona görə də Yevlaxda danışıqların baş tutması müsbət hal kimi dəyərləndirilməlidir. Bunun da qarşısını almağa çalışacaqlar. Lakin ermənilər də qarşılarında güclü Azərbaycan ordusunun olduğunu dərk etməlidir. Heç bir xarici qüvvə rəsmi Bakının həyata keçirdiyi daxili və xarici siyasətə zərbə vura bilməz”.
//Safura Bənnayeva, Editor.az

