“Qarabağın işğaldan azad olunmuş əraziləri Rus sülhməramlılarının nəzarətində olduğu müddətdə Laçın ərazisindən həm kifayət qədər çox sayda minalar quraşdırılıb, həm də rusların birbaşa yerləşdiyi ərazilərin yaxınlığında Azərbaycana aid infrastruktur dağıdılmaqda və daşınmaqda davam edir”.
Bu fikirləri Editor.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, sülhməramlıların son fəaliyyəti də ürəkaçan deyil: “Çünki ərazini tərk edən ermənilər yanğınlar törədir. Bu Azərbaycanın təbii sərvətinin, meşələrinin yandırılmasıdır. Belə olan halda Azərbaycan tərəfi proseslərə özü müdaxilə etməlidir. Yanğınların söndürülməsi üçün Azərbaycan ordusu təhlükəsiz dəhlizlər yaratmalı və Azərbaycan FHN yanğın söndürmə briqadaları əraziyə daxil olub yanğınların söndürülməsi ilə məşğul olmalıdır. Son paylaşımlarda görünən odur ki, qondarma quruma aid olan yanğınsöndürmə maşınlarının gözü qarşısında yanan evlərə və meşələrə heç bir müdaxilə olunmur. Halbuki yaxınlıqda maşınlar dayanır və ermənilər də onu kənardan izləyirlər”.
Ədalət Verdiyevin fikrincə yeganə çıxış yolu Azərbaycanın əraziyə müdaxiləsindən keçir: “ Ermənilərə ayın 25-nə qədər verilən vaxtı gözləməməliyik. Çünki bu gözləmə mövqeyi daha çox yanğınların törədilməsi ilə nəticələnəcək. Bu təxribatların ən yaxşı cavabını Azərbaycan Ordusunun ərazidə yerləşməsi ilə verə bilərik. Onlar da bunu nəzərə alsınlar ki, gələcəkdə də Kəlbəcərdə, Ağdamda, Laçında törətdiklərini Qarabağın rusların nəzarətində olan digər ərazilərində törətməsinlər. Əgər kimsə bu fəaliyyətimizə müqavimət göstərmək istəyərsə onun alnında kiçicik bir dəlik açmaq digərilərinə də ibrət dərsi ola bilər”.
//Safura Bənnayeva, Editor.az

