“Qarabağdakı separatçı rejim Rusiyadan bu mesajı gözləyir”-ŞƏRHbackend

“Qarabağdakı separatçı rejim Rusiyadan bu mesajı gözləyir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Qarabağ siyasəti konfliktin bitməməsi üzərinə qurulub. Üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları bölgəyə daxil olarkən erməni separatçıları bölgədən çıxarılmalı idi. Bu da konflikti birtərəfli qaydada sonlandırmalı idi. Amma 44 günlük Vətən müharibəsinin bitməsindən 2 ildən çox müddət keçməsinə baxmayaraq hələ də eyni problemlərlə üzləşirik”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Avropanın nüfuzlu “EU Reporter” analitik portalında yer alan “Rusiya qoşunları Qarabağ ordusunu Çin minaatan kimi partlayıcı qurğuları işə salmağa imkan verən bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib”-xəbərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan münasibətlərində münaqişənin davam etdirilməsində maraqlıdır:

“Belə olduğu halda rəsmi Moskvaya hər zaman ehtiyac yaranacağını düşünürlər. Ermənistan da istəyir ki, Rusiyanın 102-ci bazası, Federal Sərhəd Xidmətinin sərhədi qoruyan bölmələri rəsmi İrəvandan çıxarılsın. Azərbaycan da rus sülhməramlılarının fəaliyyətinin dayandırılmasında maraqlıdır. Rusiya isə bunun baş tutmaması üçün bir neçə varianta əl atır. Atəşkəsin pozulması, təxribatların intensivləşməsi buna nümunədir. Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi təşkil ediləndə də rəsmi Moskva bunu ciddi şəkildə qəbul etmirdi “.

Hərbi ekspert qeyd edir ki, Rusiya Qarabağı özünün forpostu kimi görmək istəyir:

“Lakin Azərbaycan bunu heç vaxt qəbul etməyəcək. Laçın şəhərində Prezident İlham Əliyevin çıxışında verdiyi mesajlardan sonra Rusiya separatçı rejimlə bərabər yeni bir varianta əl atdı. Yəni digər ölkələrin silahları ilə Qarabağdakı separatçı qrupun silahlandırılmasını həyata keçirirlər. Çünki onlar 102-ci bazada, kalonlarla hərbi-texniki avadanlıqları üstüörtülü avtomobillərdə daşıyırlar. İlkin variantda nəzarət -buraxılış məntəqəsi qurulmadığı vaxtda da həmin maşınlar yoxlanılmırdı “.

E.Şıxəliyev qeyd edir ki, Qarabağdakı separatçı rejimi Azərbaycanla inteqrasiya aparmağa mane yaratmaqda cəsarətləndirən də Rusiyadır:

“Onun məqsədi öz hərbi bazasını davamlı saxlayaraq rəsmi Bakıya qarşı təzyiq və təsir mexanizmi kimi istifadə etməkdir. Separatçıların yeni mövqelər hazırlaması, daşımalar həyata keçirməsi, minalar basdırması, atəşkəsin pozulması kimi proseslərin idea müəllifi də Rusiyadır. Əgər rəsmi Moskva inteqrasiyanın başlaması üçün mesaj verərsə, həmin an proses həyata keçirilər. Ermənistan artıq Qarabağdakı ermənilər məsələsini də rəsmi Moskvanın öhdəsinə buraxıb “.

//Safura Bənnayeva, Editor.az