“İyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması nəticəsində hərbiçimizin yaralanması qəbuledilməz məsələdir. Əgər Ermənistan şərti sərhəddə və yaxud Azərbaycan ərazilərində hərbiçilərimizin təhlükəsizliyinə maneə yaradırsa, bunun qarşılığını ən azı birə üç nisbətində geri qaytarmalıydıq”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev qanunsuz erməni hərbi birləşmələrinin Qarabağda son təxribatı və Azərbaycan Ordusunun adekvat cavab addımlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirləri, dövlət başçıları səviyyəsində görüşlər öncəsi Ermənistan hər zaman bu kimi addımlar atır: “Bununla da masa arxasında əyləşən Ermənistan Qarabağda gərginliyin davam etdiyini və sülh müqaviləsinin imzalanması üçün lazım olan vaxtın hələ yetişmədiyini əsaslandırmış olur. Əgər atəşkəsi pozmasalar, Azərbaycan da adekvat cavab verməyə məcbur qalmasa, sülh sazişinin imzalanması ləngiməyəcək. Vaşinqton, Brüssel və Moskva görüşünün vasitəçiləri sülh müqaviləsinin imzalanmamasının səbəbini soruşanda bu kimi amilləri irəli sürürlər. Biz belə addımların olacağını bilirik və cavablarını da adekvat şəkildə verməliyik”.
Hərbi ekspert qeyd edir ki, Ermənistanı belə gərginliklər yaratmağa cəsarətləndirən Rusiya sülhməramlılarıdır: “Rəsmi Moskva hələ də “parçala və hökmranlıq et” siyasətini davam etdirir. Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin çıxarılmaması da həmin amilin göstəricisidir. Ermənilər düşünürlər ki, Azərbaycan cavab zərbələri endirdikdə rus sülhməramlıları bufer zona olaraq atəş altında qalacaq. Bununla da Azərbaycan və Rusiya arasında siyasi gərginlik yaranacaq. Bu da erməni hiyləgərliyindən xəbər verir. Rusiya sülhməramlıları da erməni separatçılarına dəstək verməklə öz mandatlarını bir qədər də uzatmağı hədəfləyirlər. Bir sözlə ermənilər Rusiya sülhməramlılarından, rus sülhməramlıları da ermənilərdən öz maraqları naminə istifadə edir “.
Ekspertin fikrincə, Qarabağdakı erməni separatçıları bilməlidirlər ki, rus sülhməramlılarının mövcudluğu onları sığortalamır: “”Fərrux”, “Qisas”əməliyyatları və digərilərini buna nümunə göstərə bilərik. Antiterror əməliyyatları qaçınılmazdır. Ərazilərimizdə hərbiçimizin yaralanması böyük antiterror əməliyyatının başlanmasına səbəb ola bilər. Azərbaycanı buna təhrik edirlərsə, nəticələrinə də hazır olmalıdırlar “.
//Safura Bənnayeva, Editor.az

