Qarabağdan qeyri-qanuni yerləşdirilmiş şəxslər çıxarılır: Bakı-Moskva münasibətləri zərər görəcək?-MÜSAHİBƏbackend

Qarabağdan qeyri-qanuni yerləşdirilmiş şəxslər çıxarılır: Bakı-Moskva münasibətləri zərər görəcək?-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Şəbnəm Həsənova ilə müsahibəsini təqdim edir:

-Hazırda Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış Rusiya vətəndaşlarının çıxarılması prosesinin başlaması ilə bağlı mətbuatda xəbərlər yer almaqdadır. Sizcə, bunun əsas səbəbi nədir?

-Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış Rusiya vətəndaşlarının çıxarılması prosesinin başlamasını qəti şəkildə Rusiya-Azərbaycan qarşıdurmasına yozmaq belə düzgün deyil. Bölgədə işğal zamanı qeyri-qanuni şəkildə individual olsa belə yerləşdirilən istənilən şəxs, şəxslər çıxmalıdır. Rusiya hər zaman olduğu kimi soyuqbaşlı siyasət yürüdür, dövlət olaraq da öz vətəndaşlarını qorumaq işini görür. Azərbaycan da eləcə yəni, işini beynəlxalq hüquqa tam uyğun həyata keçirir ki, onun da norma və prinsipləri, imperativləri məhz bunu diktə edir. Çünki Azərbaycanın əsas məqsədi suverenliyi tam bərpa etməkdir. Bu məsələ də onun tərkib hissəsidir. Xalqımıza qarşı etnik təmizləmə siyasətində əli olmayan kəslər müraciət etsinlər ki, onlar Azərbaycan vətəndaşlığı almaq istəyirlərsə, o zaman bu, qanunlara, prosedurlara uyğun şəkildə həll ediləcək. Azərbaycan multikultural ölkədir, ermənidən başqa digər xalqlar da suverenlik bərpa olduqdan sonra vətəndaşlıq üçün müraciət edə bilərlər. Əli qana batanlarla bağlı isə beynəlxalq hüquq normalarına görə də bizim yanaşmamız fərqlidir. Belə də olmalıdır. Əks halda ermənilərin də, tarix boyu onları bizim üstümüzə hürdürənlərin də ağlı başına gəlməz ki, harda “stop” demək lazımdır.

-Bu addım hər hansı planın tərkib hissəsidir yoxsa, Rusiyanın məsələyə yanaşması dəyişir?

-Düşünmürəm də ki, ortada yeni plan var. Hər şey ilkin plan, qətiyyətimiz üzrə gedir. Yanaşmalarda fərq ola bilər, bu da olduqca cüzi. Ümumi proses, ssenari eynidir. Bu prosesdə Rusiya ilə ciddi gərginliyə girmədən onun əli ilə imzalanan üçtərəfli bəyanat üzrə prosesi sonlandırmalıyıq. Necə bizim qətiyyətimiz, Rusiyanının da əsas məqsədi odur ki, nəzarəti əlindən verməsin. Sülh müqaviləsi olana qədər əldə olan rəsmi sənəd üçtərəfli bəyanatdır ki, onun da punktlarına hər dəfə diqqətlə nəzər yetirsək görərik ki, hər bir xırda detal belə cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq qələbəsinin və iti zəkasının məhsuludur. Dövlətimizin başçısının müsahibələrindən də aydın görünür ki, bu iş bitib, realizəsi gedir. Təbii ki, mane olan qüvvələr də olacaq, buna maneələr də törədiləcək. Rusiya nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır.

-Bu kimi addımların fonunda bir tərəfdən ölkəmizə qarşı pozucu fəaliyyətlərin, təxribatların şahidi olur, digər tərəfdən də gözlənilən reinteqrasiya prosesində də ləngimələr müşahidə edirik. Siz prosesi necə dəyərləndirirsiniz?

-Əsas məsələ odur ki xalqlar arasında yenidən ünsiyyət yaranır. Bunun da tam sülhlə nəticələnməsi o tərəfdən ən yaxşı və ən pis halda hələ ki heç birinə sərf etmir. Erməni xisləti də öz sözünü deyir ki bu tarixi, ənənəvi detal da prosesləri tormozlayır. Məqsəd odur ki, bu zaman periodundan istifadə edib Rusiya-Ukrayna müharibəsi adı altında Qərb-Rusiya qarşıdurması boyu tərəflər dividentlər əldə etsin, ya da bunları gücləndirsin. Çünki heç nə bir günün, bir ayın, ya da bir ilin işi deyil. Daşlar zamanla yerinə oturacaq. Bu gərginlikdə isə hər nə qədər daxili və xarici siyasət əli ilə dövlətimizə, onun rəhbərinə qarşı təzyiqlər, pozucu addımlar nümayişkaranə olsa da, digər tərəflə digər dividentlərimizi işə salsaq da ən əsası isə qətiyyətimizi pozmadan “kərə yağından tük çəkmək kimi” məsəli ilə işlərimizi görməliyik. Burda isə cəmiyyətin də üzərinə yük düşür ki, qaragüruh qüvvələr dövlətimizə, cəmiyyətimizə qarşı kirli planlar içindədir. Odur ki, dövlət başçımızın ətrafında hər an sıx birləşməli, dimdik dayanmalı, keçilməz sipər olmalıyıq. Əsas dayaq nöqtəmiz monolot birliyimiz olmalıdır. Digər tərəfə gəldikdə isə Nikol Paşinyan Qərbin Cənubi Qafqaza yerləşdirdiyi növbəti əlidir. Hətta erməni mətbuatında da informasiya var ki, o “keçmiş” jurnalistik fəaliyyətini işə salaraq məlumatlar, əslində isə bir tərəfdən həm də təlimatlar alır. Bu detalın özünün də mətbuata qədər sızdırılması çox şey deyir. Paşinyanın nəinki bu planından, hətta niyyətindən isə Rusiya xəbərsizdirmi? Bu, sadəcə sadəlövhlük olar.

//Safura Bənnayeva, Editor.az