Qarabağı görməyən gənclər QARABAĞI qarış-qarış azad edərək TARİX YAZDIbackend

Qarabağı görməyən gənclər QARABAĞI qarış-qarış azad edərək TARİX YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi;

“Azərbaycanda vətənpərvər gənc nəsil yetişib. Elə bir nəsil ki, cəmi 44 gündə 30 illik işğala son qoydu. Milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi:

“Qarabağı görməyən gənclər Qarabağı qarış-qarış azad etdi, tarix yazdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, “döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”  Artıq yeni mərhələ başlayıb və yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Yeni hədəflərə çatmaq üçün gənc nəsil də fəal olmalıdır. Dövlət başçımızın da söylədiyi kimi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Biz dünya miqyasında çox böyük layları tərpətdik. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Bu gün Ermənistanın törətdiyi təxribatlar da qələbəni həzm etməyən qüvvələrin regionda gərginlik yaratmaq siyasətinin tərkib hissəsidir. Bu davranışlar təbii ki, Ermənistanın özünə baha başa gələcək.

Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Dövlət başçımızın da vurğuladığı kimi, milli ruh, vətənpərvərlik ruhunda tərbiyə alan gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır. Təbii ki, bunun üçün ilk növbədə düzgün tərbiyə işləri aparılmalı, gənclərin yüksək biliklərə, intellektə yiyələnərək, cəmiyyətdə öz yerini tapmaları təmin olunmalıdır. Bu məsələdə hər bir vətəndaş məsuliyyət daşıyır. Yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Artıq müzəffər xalqın nümayəndələri kimi böyüyən gənclərimiz bütün fəaliyyət istiqamətlərində milli maraqları nəzərə almalı, yeni mərhələdə Böyük Qələbəni əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır”.

Mövzu ilə bağlı Heydər Əliyev adına Hərbi İnstitutun professoru siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov  bildirib ki, hər bir dövlət üçün tarixi keçmişi, ənənələri ilə bərabər daha çox inkişaf edən sabahı – iqtisadi-siyasi-hərbi-mədəni gücü, vətəndaşının sosial rifahı, yüksək həyat səviyyəsi olduqca vacibdir:

“Hazırkı sivil, demokratik dövlətlərin ana xəttini əksər hallarda bu təşkil edir. Əks halda dövlətin fiziki-siyasi mövcudluğu, müstəqilliyi, suverenliyi, iqtisadi-siyasi-hərbi-mədəni inkişafı, möhkəmlənməsi sual altında ola bilir. Bu nöqtəyi-nəzərdən müdrik şəxsiyyətlərin, alimlərin, savadlı-bacarıqlı ağsaqqalların əməyindən, imkanlarından istifadə etməklə bərabər müasir, yüksək intelektual, innovativ gəncliyə yer verilməsi, onlara etibar edilməsi, dövlətin, cəmiyyətin idarə olunmasında onların irəli çəkilməsi xüsusilə zəruridir. Bir sözlə məsələyə yaradıcı yanaşmaq – yaşından asılı olmayaraq hər bir fərdin verə biləcəyi faydanı doğru dəyərləndirmək və ona qiymət vermək tələb olunur”.

Onun sözlərinə görə, hər bir sivil dövlət yaxşı anlayır ki, gələcəyin qurucusu olan gəncliyə etibar etmədən, onların imkanlarından istifadə etmədən inkişafa ümid bəsləmək düzgün olmaz:

“Ona görə də bu tip dövlətlərdə prioritet istiqamət təhsil, elm, texnologiyanın inkişafı, müasir yanaşmaların tətbiqi, idarəetmə sektoruna yüksək potensiallı şəxslərin cəlb edilməsi əsas götürülür. Bir qədər gec öz nəticəsini vermiş olsada, elmə-təhsilə yönəldilmiş investisiya sonda dövlətin dayanıqlı, davamlı inkişafına təminat yaratmış olur, onun güclü təməlini təşkil etmiş olur. Məhz təhsilin və elmin inkişafı müasir gənc nəslin formalaşmasına, yüksək imkanlara malik olmasına təkan verir ki, bu da dövlətin gələcəyinə geniş perspektivlər yaradır. Dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də, gənclərin məhz sağlam düşüncəyə, yüksək mədəniyyətə, milli-mənəvi dəyərlərə malik şəxsiyyətlər kimi formalaşmalarıdır. Bu zaman daxili-xarici siyasətin düzgün təşkili, dövlət-xalq arasında münasibətlərin hüquqi çərçivədə qurulması, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin olunması vacibdir.

Eyni zamanda, dövlətin əlində olan imkanlardan istifadə etməklə bu istiqamətdə maarifləndirmə – təbliğat işlərinin doğru aparılmasıdır. Belə ki, müasir gənclik keçmişinə, tarixi ənənələrinə, ziyalısına, aliminə, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəmanına, rəhbərinə hörmət, sevgi, etiram ruhunda böyüməlidir ki, özünün fəaliyyətində onları davam etdirə bilsin. Digər tərəfdən yüksək intelektual gəncliyin formalaşdığını görən müdrik – ahıl nəslin dövlətinin inkişafı, onun xoş gələcəyi naminə estafeti (demokratik prinsiplər çərçivəsində) gənclərə verməklə onlara şərait yaratması da burada böyük rol oynayır. Nəsillərarası bu sağlam yerdəyişmə heç şübhəsiz ki, dövlətin və xalqın inkişafına böyük təhfə vermiş olur. Bu həm də elə birmənalı olaraq dövlətinin qüdrətini, gücünü, uğurunu, onun müsbət gələcəyini sevən, ona bağlı olan əsl vətənpərvərliyi nümayiş etdirir”.

Politoloq Tural İsmayılov bildirib ki, bu gün Azərbaycan gəncliyinin milli mədəni ruhda tərbiyəsi və yetişdirilməsi üçün dövlət tərəfindən bütün təbliğat vasitələrindən istifadə edilir:

“Gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətidir ki,  gənclər 44 günlük Vətən müharibəsində dövləti ilə bir yumruq kimi birləşdi və torpaqlarımızın işğaldan azad edilməsi prosesi baş verdi.

Ondan sonrakı dövrlərdə də biz gənclərimizi müxtəlif səpkili proseslərdə hər zaman öz dövlətinin yanında yer alan, dövlətin milli mənafelərini və maraqlarını müdafiə edən bir formada görmüşük. Məhz gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi istiqamətində maarifləndirmənin, tədris sisteminin bu sistemə uyğun qurulmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz dövlətləri, bayraqları, vətənləri üçün hər bir an döyüşməyə hazır olan bir təfəkkürdə yetişiblər. Azərbaycan gənclərinin müharibə vaxtı səfərbərlik prosesində tam təkmil iştirak etməsi və fərari Ermənistan ordusundan fərqli olaraq  bu hərbi toplantılardan  heç bir formada yayınmaması Azərbaycan gəncliyinin öz milli ləyaqətinə, milli qeyrətinə, milli mənlik şüuruna nə qədər sadiq və bağlı olduğunu növbəti dəfə nümayiş etdirir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.