Qarabağın bərpası, Dost sevincibackend

Qarabağın bərpası, Dost sevinci

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil, dinamik inkişaf edən Azərbaycan yürütdüyü siyasət nəticəsində uzun illər işğal altında olan torpaqlarını azad etməklə yanaşı, indi ərazilərini sürətlə bərpa edir. Bir tərəfdən dağıdılmış, viran qoyulmuş evlər, yaşayış sahələri, ictimai binalar təmir edilir, digər tərəfdən isə mədəni tədbirlər, festivallar keçirilir. Bu günlərdə keçirilən “Xarı Bülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri” doğma Şuşamıza yeni nəfəs gətirdi.

Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Qarabağ torpağı çox sürətlə dirçəlir. Dünyanın maraq dairəsinə çevrilən Azərbaycan Qarabağın əsl sahibi olduğunu göstərir. Dünya liderlərinin Azərbaycana səfəri zamanı işğaldan azad olunan ərazilərə və xüsusəndə Şuşa və Cıdır düzünə səfərləri artıq ənənəvi hal alıb.
Bu gün ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun da Qarabağa səfəri, doğma Şuşamızı “cənnət” adlandırması təsadüfi deyil. Cənab Lukaşenkonun verdiyi bəyanatdan aydın olur ki, ölkəmizlə necə dost münasibətdədir. Hələ 44 günlük vətən müharibəsi olmamışdan öncə dəfələrlə bəyan etmişdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və dərhal qaytarılmalıdır.

16 may tarixindəki səfər zamanı ərazilərdə aparılan quruculuq işlərini görəndə öz heyrətini gizlətmədi. Böyük məmnuniyyətlə yenidənqurma işlərində öz köməyini səmimi olaraq təklif etdi.

Belarus prezidentinin bəyanatında “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”,- deməsi bir daha sübut edir ki, Azərbaycan necə qüdrətli dövlətə çevrilib.

Belarus və Azərbaycan xalqları daim dostluq münasibətində olublar. Bunu əyani olaraq bu gün imzalanan dövlətlərarası sənədlərdə də görmək olar. Bakı, Gəncə və Qəbələ şəhərləri ilə uyğun olaraq Minsk, Qomel və Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı iqtisadi sahədə münasibətlərin dərinləşməsinə dair sənədlərin imzalanması Azərbaycan və Belarus dövlətlərinin sıx münasibətdə olduğunu aydın göstərir. Bütün bu səfərlər, imzalanan sənədlər bir daha onu göstərir ki, Azərbaycan dinamik inkişaf edən ölkədir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qəbullana bilməyənlərin çirkin planlarını burada işlətmək mümkün deyil.

Səbuhi Abdullayev, “ELM” Gəncləri sosial-intellektual inkişafına dəstək İB-nin sədri