“Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Qarabağda yaşayan erməni icması ilə Azərbaycan nümayəndələri arasında görüşün keçirilməsinə mane yaratmasınlar”.
Bu fikirləri Editor.az-a politoloq Ramiz Alıyev erməni mətbuatın da, yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçiriləcəyi və görüş zamanı Ağdam-Xankəndi yolunun açılması məsələsinin müzakirə olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakı tarixi torpaqlarımızda yaşayan ermənilərə öz vətəndaşı kimi baxır: “Öz növbəsində həmin erməni icması da Ermənistanla əlaqə yaradaraq hər hansı təxribat xarakterli addımlar atmamağı öhdəsinə götürməlidir. Son günlərdə Naxçıvan, Laçın, Kəlbəcər istiqamətində erməni təxribatları baş verir. Bu, artıq ənənəvi hal alıb. İstənilən razılaşma ərəfəsində bu kimi təxribatlar baş verir. Sanki bu addımlar münaqişənin həll olması, sülh müqaviləsinin imzalanmasına əngəl olmağa hesablanıb. Azərbaycan Ordusu qətiyyətlidir, öz mövqeyini qoruyur və istənilən təxribata qarşı da layiqli cavab verir. Burada uduzan isə Ermənistan və onun alət kimi istifadə etdiyi qeyri-qanuni separatçı dəstələr olacaq. Antiterror əməliyyatı ilə ordumuz bu terrorçu dəstələri də məhv edəcək “.
Politoloqun fikrincə, Ermənistan münaqişənin həll olunmasını istəyirsə, belə situasiyalara şərait yaratmalıdır:
“Yəni, hər-vəchlə mane olmaqdan çəkinməlidir. Azərbaycan bu gün də Qarabağın erməni icması ilə görüşün keçirilməsində istəklidir. Lakin separatçı rejim bu görüşün baş tutmasına imkan vermir. Yevlaxda keçirilməsi gözlənilən görüş də baş tutmadı. İndi də Bərdə rayonunda belə bir görüşün keçirilməsi ilə bağlı təşəbbüs var. Ümid edirik ki, bu görüş reallaşacaq. Görüşün baş tutması reinteqrasiya prosesinə müsbət təsir göstərə bilər “.
//Safura Bənnayeva, Editor.az

