Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı: 2022-ci ildə Şuşanı necə təbliğ etməliyik?backend

Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı: 2022-ci ildə Şuşanı necə təbliğ etməliyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il Prezident İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunub. Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtıdır. Torpaqlarımız işğaldan azad ediləndən sonra bəlli oldu ki, indiyə qədər digər torpaqlarımız kimi Şuşanın da yalnız ərazisi deyil, mədəniyyəti, tarixi irsi də işğal altında olub, erməni vandallığına məruz qalıb.Vətən müharibəsindəki tarixi qələbəmizdən dərhal sonra Azərbaycan dövləti Qarabağda abadlıq-quruculuq işlərinə başladı. Bu məqsədlə Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Qarabağın tacı olan Şuşanın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı kimi nüfuzu getdikcə daha da artır:

“Bu il 270 illiyini qeyd etdiyimiz Şuşanı dünyada təbliğ etmək üçün daha çox imkanımız var. Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci il “Şuşa İli” elan edilib. Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşası davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi həm də bizim üçün bir fürsətdir. Ötən ay Bakı-Şuşa-Bakı avtobus reysinin açılması da şəhər üçün xüsusi əhəmiyyət daşıyır. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə böyük diqqət yetirilir. Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına, qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradır”.

Millət vəkilinin sözlərinə görə 28 il düşmən əsarətində olan lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın tarixi şöhrətini yenidən özünə qaytarmaq istiqamətində addımlar atılır:

“Son bir ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar. Dövlət başçımız son 1 ildə Şuşaya 7 dəfə səfər edib. Bu səfərlər zamanı şəhərin simasının dəyişdiyini aydın görmək olar. Eyni zamanda ölkəmizə gələn qonaqlar, ictimai-siyasi xadimlıərin Şuşaya səfəri təşkil olunur. Hesab edirəm ki, biz artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərimizi Şuşada təşkil etməliyik. Xarıbülbül festivalı və Vaqif poeziya günlərilə yanaşı mədəniyyət-incəsənət xadimlərimizin yubileyləri bu şəhərdə xüsusi təmtəraqla qeyd olunmalıdır. Dünyanın nüfuzlu mədəniyyət-incəsənət xadimləri bu tədbirlərə dəvət olunmalıdır. Xarici qonaqlar işğal dövründəki Şuşa ilə indiki Şuşa arasında fərqi görməli, bu tarixi torpağın əsl sahibləri tərəfindən dirçəldilməsinin şahidi olmalıdırlar”.

Politoloq Nurlan Qələndərli Editor.az- açıqlamasında qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından müstəsna əhəmiyyət daşımır, bu, eyni zamanda, milli qürur və ləyaqətin bərpası, tarixi irsimizin yaşadılması, milli mənəviyyatımızın zənginləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və reallıqların geniş beynəlxalq ictimaiyyətə çatdırılması ilə qalib, güclü və nüfuzlu Azərbaycan obrazının möhkəmləndirilməsi üçün böyük önəmə malikdir:

“Bu istiqamətdə ardıcıl, sistemli və məqsədyönlü işlər aparılır, konseptual yanaşma və strateji baxış ortaya qoyulur. 2021-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Şuşanın, Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi”.
Politoloq vurğulayıb ki, qalib və güclü Azərbaycanın qarşısında 2022-ci ildə siyasi, iqtisadi hədəflərə çatmaqla, diplomatik müstəvidə imkanları artırmaqla yanaşı, milli yaddaşın bərpası – tarixi, mədəni irsimizin qorunması və geniş təbliğ olunması ilə də bağlı mühüm vəzifələr durur: “Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq – perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi müstəsna əhəmiyyətə malikdir”.

N.Qələndərlinin sözlərinə görə, Şuşa 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, öz milli kimliyini – azərbaycanlı ruhunu itirməyib:

“Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Əziz Şuşanın hərbi-siyasi əsarətdən xilas edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri kimi qürur və iftixar səhifəsidir. Hərbi-siyasi əsarətdən xilas edildikdən sonra Şuşa öz əzəmətini – möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli – tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir. Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtıdır. Heç şübhəsiz, sabah Türk dünyası və İslam aləminin kültür mərkəzi olacaq, çünki o, qeyd etdiyimiz kimi, bəşər sivilizasiyasının mədəni xəzinəsidir”.

Politoloq hesab edir ki, 2022-ci ilin Zəfər təqviminin “Şuşa ili” elan edilməsi müstəsna tarixi, siyasi və mədəni hadisədir:

“Dövlət başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşa ilə bağlı reallıqların, həmçinin görülən işlərin dünya ictimaiyyətinə çatdırılması informasiya diplomatiyasının mühüm istiqaməti kimi çox önəmlidir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, gənclər təşkilatlarının üzərinə böyük vəzifə və məsuliyyət düşür. Xüsusilə də, sosial şəbəkələrin müxtəlif seqmentlərində yüksək fəallıq təmin edilməlidir. Bu istiqamətdə piarın vahid dili olmamalıdır, təsir imkanlarına və dairəsinə görə müxtəlif dillərdən səmərəli istifadə edilməlidir. Çünki bu, bizim milli məsələmizdir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.