Qarabağlı ermənilərin köçü sürətləndi: Səbəblər və nəticələrbackend

Qarabağlı ermənilərin köçü sürətləndi: Səbəblər və nəticələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağlı ermənilərin separatçılıq taktikası artıq məğlubiyyət strategiyasına çevrilir

Xankəndindəki separatçı xuntanın rəhbəri Araik Arutyunyanın biznes aktivlərinin yerdəyişməsinə başladığı vurğulanır. Ermənistan mediasında yer alan xəbərlərə görə, A.Arutyunyan ailə üzvlərini də hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə olan aktivlərindən kənarlaşdıraraq Ermənistana yollamağa hazırlaşır.

Belə ki, onun arvadının çalışdığı iş yerini, kiçik qızının isə məktəbi tərk etdiyi də iddia olunur.

İrəvan jurnalistləri A.Arutyunyanın Ermənistanda yanacaqdoldurma məntəqələri şəbəkəsini, inşaat şirkətini və ən nəhayət, Türkiyə ilə sərhədyanı bölgələrdə böyük bağ saşələrini satın aldığını da yazırlar.

Azərbaycan ərazisi olan Qarabağ iqtisadi rayonunun şimalında, bir neçə kiçik rayonda hələ də separatçı strukturları qoruyub saxlamaqla efemer ideyalarını reallaşdırmağa çalışan qarabağlı erməni separatçılar ümidsizləşiblər.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, yekun sülh sazişinin imzalanması, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Ermənistanın işağlında olan 8 Azərbaycan kəndinin azad edilməsi və ən nəhayət, Zəngəzur dəhlizi layihəsinin reallaşması məsələləri bir-birlərindən ayrılmayan məqamlar toplusudur.

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası bu məsələləri ayırmağa, hər birini “müstəqil” şəkildə müzakirə etmək və diskussiya mövzusu edərək danışıqlar prosesini mümkün qədər uzatmağa çalışsa da, zaman ermənilərin əleyhinə işləyir.

Rəsmi İrəvan bölgədəki situasiyanın gərginləşməyə doğru getdiyini gördüyü üçün hamilərinə, xüsusilə də Fransaya bel bağlayaraq yeni taktiki fəndlərini reallaşdırmağa can atır.

Məsələn, Parisdə yerli erməni diasporu və Fransanın hakimiyyət dairələrinin birgə layihəsi olan “humanitar təşəbbüs” bəhs etdiyimiz taktikanın tərkib hissələrindən biri sayıla bilər.

Fransa prezidenti Emmanuel Makronun da bilavasitə məlumatlandırılmasından sonra Parisdə 10 ağırtonnajlı yük avtomobilindən ibarət “humanitar yardım karvanı” formalaşmaqdadır.

Həmin avtomobillər Ermənistana, Azərbaycanla şərti dövlət sərhədinə, Həkəri çayının sahilinə göndəriləcək.

Makron administrasiyası bu maşınların Ermənistan-Azərbaycan sərhədini keçərək Laçın yolu ilə Xankəndinə yollamağa çalışacaq, lakin bəribaşdan demək olar ki, fransalıların 10 avtomobili həftələrdən bəri “Laçın” postunun qarşı tərəfində durmuş 21 yük maşınına qatılacaq.

Avqustun 30-da fransalıların, daha doğrusu, Yelisey Sarayının və erməni diasporunun təşkil etdiyi “maşın karvanı” Kornidzora yollanmalıdır.

Bu, Fransa və Ermənistanın siyasi məsələləri humanitar müstəviyə keçirmək, sırf humanitar məqamları isə siyasiləşdirmək niyyətidir.

Situasiyanın məcrasını nəzərə alsaq, yaxın vaxtlarda Kornidzordakı ağırtonnajlı avtomobillərin olduğu məkana İranın da “humanitar yardım yüklü” maşınları yollamaq fikrinə düşəcəyi istisna deyil.

Hətta Yunanıstan və Hindistan da ermənilərin “humanitar fəlakət” idefiksinin təbliğatı prosesinə qoşula bilərlər – heç nə istisna deyil.

Lakin bütün bunların heç bir mənası yoxdur, çünki çoxsaylı səbəblər İrəvanın və Xankəndindəki xuntanın “qarabağlı ermənilərin üzləşdikləri humanitar fəlakət, aclıq və blokada” propaqandasını tamamilə əsassız edir.

Situasiyaya nəzər salaq.

Ermənistan, Fransa, Hindistan, Yunanıstan, habelə ermənilərin propaqandasını dəstəkləyən dövlətlər, siyasətçilər və xüsusilə də beynəlxalq təşkilatlar Azərbaycan qarşısında hansı tələbləri qoyublar?

1. “Laçın yolunun dərhal və qeyd-şərtsiz açılması”

2. “Ermənistandan Xankəndinə və əks istiqamətdə şəxslərlə yüklərinin tam sərbət, yoxlanışsız və nəzarətsiz hərəkətinin təmin edilməsi”

3. “Qarabağlı ermənilərin nümayəndə heyəti ilə Azərbaycan arasında danışıqların beynəlxalq vasitəçilərlə aparılması”

4. “Qarabağlı ermənilərin milli müqəddəratı təyinetmə hüququnun Bakı tərəfindən tanınması”

5. “İkinci Qarabağ Müharibəsindən sonra evlərini tərk etmək məcburiyyətində qalmış ermənilərin geriyə, ələlxüsus da Şuşa, Hadrut, Xocavənd, Kəlbəcər, Zəngilan və Laçın rayonlarına qayıdışlarının təmin edilməsi”.

6. “Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin 1991-ci il Almata bəyannaməsinə uyğun aparılması”.

İndisə həmin tələblərin absurdluğuna və beynəlxalq hüququn prinsiplərinə qətiyyən uyğun olmadıqlarına baxaq:

1. Laçın yolunun dərhal açılması ilə bağlı tələbin müəllifləri çoxdur. Lakin onların arasında Fransa prezidenti Emmanuel Makron xüsusi yer tutur.

Makron son bəyanatlarından birində deyib: “Qarabağlı bağlı məsələdə diplomatiyaya ayrılmış müddət artıq başa çatıb. Mövqeyimiz konkretdir: “blokadanı qətiyyətlə pisləyirik. Diplomatiya müddəti bitdi. Xalqların müstəqilliyini və suverenliyini dəstəkləyirik”.

Deyəsən, rəsmi Paris adekvatlığın son qalıqlarını da itirməkdədir. Əvvəla, Emmanuel Makrona xatırlatmaq istərdik ki, “aclıq və humanitar fəlakətlə üzləşmiş” qarabağlı erməni separatçıları Ağdam-Xankəndi yolu ilə humanitar yükləri qəbul etməkdən boyun qaçırırsa, Əsgəran yaxınlığında yola beton bloklar düzürsə – bu, artıq “blokada” yox, özünütəcrid və ucuz təlxəklik şousudur.

“Diplomatiyanın müddəti bitdi” nə deməkdir? Olmaya Fransa Azərbaycana müharibə elan edəcək, yoxsa hazırda RSK nəzarətində olan ərazilərə qoşun yeridəcək?!

“Xalqların müstəqilliyi və suverenliyi?” Makron bu məqamlara görə narahatdırsa və xalqların azadlıq istəklərini dəstəkləyirsə, onda ilk əvvəl Fransanın Bretan vilayətinə, Korsika adasına, Basklar ölkəsinin fransızların ərazisində olan hissəsinə müstəqillik versin, həmin ərazilərdəki xalqların suverenliyini tanısın.

Bəlkə Yeni Kaledoniyadan başlasın, sonra Afrikanın qərbindəki Sahel bölgəsində iyrənc və murdar neomüstəmləkə siyasətindən əl çəksin?

Ən nəhayət, Emmanuel Makron əmindir ki, Sakit Okean bölgəsində və Afrikada olduğu kimi, Cənubi Qafqazda da Fransanın “geosiyasi təşəbbüsləri” adekvat cavab almayacaq, Parisli siyasətçiləri məcburi təkanla sürətləndirib regiondan rədd etməyəcəklər?!

“Laçın yolunun qeyd-şərtsiz açılması” Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bakı qarşısında belə tələb qoyanlar anlamamış deyillər ki, Azərbaycan beynəlxalq hüquqa tam uyğun şəkildə davranır. RSK-nın nəzarətində olan ərazilərdə yaşayan qarabağlı ermənilərin yetkinlik yaşına çatmışlarının istisnasız olaraq hamısı Ermənistan pasportu daşıyırlar. Azərbaycan öz ərazisində qanunsuz, kompakt, qanunsuz miqrant statusunda olan minlərlə şəxsin bu qanunazidd əməllərinə göz yummaq fikrində deyil. Bu, beynəlxalq hüquq və çoxsaylı beynəlxalq sənədlərlə anlaşmalar çərçivəsində olan siyasətdir.

2. Ermənistandan Xankəndinə və əks istiqamətdə sərbət hərəkət prinsip etibarilə mümkün deyil, çünki BMT, ATƏT və s. beynəlxalq təşkilatların nizamnamələrinə, Azərbaycan Konstitusiyasına ziddir. RSK-nın nəzarət arealında yaşayan qarabağlı ermənilərin yetkinlik yaşına çatmışlarının istisnasız olaraq hamısı hazırda Ermənistan pasportu daşıyırlar. Bu səbəbdən onlar beynəlxalq hüququn prinsipləri baxımından Azərbaycan ərazisində kompakt, qanunsuz miqrantlar qismində yaşayan xarici ölkə vətəndaşlarıdır. Azərbaycan isə hansısa propaqanda ünsürləri və ya efemer səbəblərdən sərhədinin bir qismini tam nəzarətsiz qoyaraq orada xaotik hərəkətə göz yummaq niyyətində deyil.

Qarabağlı ermənilər istədikləri zaman Ermənistana gedə bilərlər. Lakin onlarda Ermənistan pasportu olduğundan, həmin şəxslərin geriyə qayıdışında təbii ki, problemlər yarana bilər.

Bu isə yenə də beynəlxalq hüququn tələbləri çərçivəsindədir.

3. Hazırda RSK-nın nəzarət bölgəsində yaşayan qarabağlı ermənilərin formalaşacaq nümayəndə heyəti ilə rəsmi Bakı arasında danışıqlar sadəcə, Azərbaycan ərazisində aparıla bilər və aparılacaq da. Ermənistan rəhbərliyi, Xankəndindəki separatçı xunta və ermənilərə havadarlıq edən siyasətçilərlə beynəlxalq təşkilatlar “vasitəçilik mexanizmi”ini işə salmaqla qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına yönəlmiş danışıqları dövlətlərarası diskussiya səviyyəsinə yüksəltmək, bununla da qarabağlı ermənilərin separitizmini “legitimləşdirmək”lə separatçılara “status” hədiyyə etmək istəyirlər.

Qarabağlı ermənilər Azərbaycan sakinləridir. Onların statusları, hüquqları, azadlıqları və öhdəlikəri Azərbaycanın digər vətəndaşlarından heç nə ilə fərqlənməyəcək.

4. Qarabağlı ermənilərin milli müqəddəratları yalnız Azərbaycan Konstitusiyası çərçivəsində tanına bilər və ümumvətəndaş hüquqları həddindən savayı hansısa əlahiddə preferensiyalara kimsə güvənməməlidir. ABŞ-ın sabiq prezidenti Vudro Vilsonun 20-ci əsrin əvvəllərində dünya siyasətinə gətirdiyi, millətin öz müqəddaratını təyin etməsi hüququ ilə bağlı anlam o vaxtlarda mövcud imperiyaların dağıdılması, Birləşmiş Ştatların dünya geosiyasətində önəmli yer tutması istəyi ilə bağlı idi.

21-ci əsrdə isə sözügedən anlam aşkar anaxronizm, bilavasitə separatizmdən ibarət olan təhlükəli iddiaya çevrilib. Qarabağlı ermənilərin müqəddəratlarından bəhs edən dövlətlər ilk əvvəl öz ərazilərində onillərdən, bəzən isə əsrlərdən bəri müstəqillik uğrunda mübarizə aparan etnik qrupları düşünsünlər. Onlar nə zaman həmin qrupların tələblərini təmin edərlər, yalnız həmin vaxtda qarabağlı ermənilər üçün hansısa əlahiddə azadlıqlarla hüquqlardan danışa bilərlər.

5. Qarabağlı ermənilərin bəhs olunan rayonlara qayıdışı yalnız azərbaycanlıların əzəli və qədim ərazilərimiz olan Zəngəzur, Vedibasar, Basarkeçər, Dərələyəz, İrəvan, Qafan və s. məkanlara, yəni müasir Ermənistanın bir sıra ərazilərinə qayıdışının tam reallaşmasından, o cümlədən soydaşlarımıza müvafiq təzminatların ödənişindən sonra mümkün ola bilər. Beynəlxalq hüququn tələbləri reversivdir, qanunlar qarşısında da hamı bərabərdir: istisnalar və güzəştlər xaosla qanunsuzluğa zəmin yaradır.

6. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası yekun sülh sazişi prosesi çərçivəsində olmalıdır. Sərhəd müəyyənləşməyincə Ermənistanın dövlət kimi statusu yarımçıq sayılır və bu baxımdan sözügedən proseslər birbaşa İrəvanın marağında olmalıdır. Almata bəyannaməsinə gəldikdə isə, bu sənəd 1991-ci ildə postsovet məkanında MDB-nin yaradılması ilə bağlı açıqlama olduğundan, sərhədin bəlinlərməsi prosedurları üçün aksiom sayıla bilməz.

… Sadaladığımız məqamlar danılmaz həqiqətlərdir. Digər gerçək isə budur ki, hazırda qarabağlı ermənilər sürətlə, kütləvi şəkildə Ermənistana yollanırlar. Bakının şərti sadədir: ölkəmizin pasportunu alaraq vətəndaşı olmaq istəməyən qarabağlı ermənilərə Azərbaycanda yer yoxdur. Bəsit situasiyadır: qarabağlı erməni ya separatizmdən əl çəkib normal yaşama başlamalı, ya da separatçı ideyalarını hifz edəcəki təqdirdə ölkəni tərk etməlidir.

Rusiya Sülhməramlı Kontingentinin komandanlığı da qarabağlı ermənilərin Ermənistana köçünün intensivləşdiyini anlayır və bunun qarşısını almağın yollarını düşünür. RSK komandanlığının qarabağlı ermənilərə humanitar yardım qismində 100 ton un paylamaq istəyi də köçə mane olmaq niyyətidir.

Amma mənasız istəklərdir: qarabağlı ermənilər ərzaq və yanacaq problemlərini həll etmək istəyirlərsə, Ağdam-Xankəndi marşrutu ilə yükdaşımalara başlaya bilərlər.

Bunun alternativi yoxdur.

RSK komandanlığı belə, sadə həqiqəti anlayıb.

Ermənistan və onun hamiləri isə hələ də nəyəsə ümid edirlər.

TREND