“Ermənistan hər zaman çalışıb ki, Türkiyə ilə münasibətləri normallaşdırsın. Çünki bu onun özü üçün vacibdir. Lakin qardaş ölkə təkcə bu gün deyil, tarix boyu bunun yeganə yolunun Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, işğal altında saxladığı torpaqları tərk etmələrini bildirmişdi”.
Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov dedi.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan öz gücünə və qardaş dost ölkələrin mənəvi dəstəyilə torpaqlarını azad etdi:
“Hazırda pis vəziyyətdə qalmış Ermənistan qonşularla münasibətləri normallaşdırmalıdır. Onun başqa yolu yoxdur. Mən deyə bilərəm ki, hazırda Ermənistanın bir dövlət kimi mövcudluğu belə təhlükə altındadır. Ermənistanın nəyəsə etiraz etmək iqtidarı mövcud deyil. Ermənistan Azərbaycanın yaratmış olduğu reallıqları qəbul edib ona uyğun davranmalıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, artıq Ermənistan Azərbaycanın tələblərinə əmək edərək, sülh danışıqlarında destruktiv mövqedən əl çəkməlidir. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu xəbərdarlığı da Ermənistan hakimiyyəti üçün açıq mesajdır. Türkiyə dövlətinin rəsmiləri tərəfindən dəfələrlə bu barədə açıq bəyanatlar verilib. Qardaş ölkənin yeganə şərti bəllidir”.
Millət vəkili qeyd edib ki, hər iki ölkənin xüsusi nümayəndələri dörd dəfə görüşüblər:
” Onların missiyası Türkiyə ilə Ermənistan arasında əlaqələri mərhələli şəkildə qurmaqdır. Təbii ki, dövlətimiz qazandığı zəfərdən sonra Cənubi Qafqazda davamlı sülhün təsis edilməsində Türkiyə yaxından iştirak edir. Sözsüz ki, bundan sonra da Türkiyə – Azərbaycan xarici siyasətdə birgə addımlayacaqlar. Hər iki ölkənin xarici siyasət xətti məlumdur”.
//Gülnarə Abasova, Editor.az

