Qarşıda ağır döyüşlər gözlənilir: “Rusiyanın bu istiqamətdə məğlubiyyəti qaçılmazdır”
“ABŞ-ın Ukraynaya hərbi yardımı və Avropa İttifaqının da analoji dəstəyi Rusiyanın geniş hücumlarının qarşısını alır. Rusiyanın Mariupolu işğal etməsi və Donbasla Krım arasında quru əlaqəni təmin etməsi Kremlin planın əsas tərkib hissəsi idi. Rusiya Cənub- Şərqi götürməklə Azov dənizinə Ukraynanın çıxışının qarşısını alır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Vladimir Putinin “Novorossiya” adında qondarma respublika yaratması mümkündür:
“Bununla Rusiya Ukrayna ilə danışıqlara gedib öz şərtlərini diktə edəcək. Amma Ukrayna rəhbərliyinin indiki şərtlər daxilində Rusiya ilə danışıqlara getməsi gözlənilmir. Ukraynaya silah və maliyyə yardımı Kiyevin Rusiyanı Xerson və Mariupoldan çıxarılması ilə nəticələnə bilər. Qarşıda ağır döyüşlər gözlənilir və Rusiyanın bu istiqamətdə məğlubiyyəti qaçılmazdır”.
Siyasi analitik vurğulayıb ki, Türkiyənin vasitəçiliyi ilə başladılan danışıqların sonlanması Moskvanın işğalı davam etdirmək siyasətindən irəli gəlir:
” Çünki Rusiya Donbasla Krım arasında quru əlaqəni bərpa etməməklə müharibəni dayandırması mümkün görünmürdü. Rusiya bu planı reallaşdırdı və danışıqlara qayıda bilər. Amma Ukrayna bununla razılaşmayacaq”.
//Gülnarə Abasova, Editor.az

