“Bu gün sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdə keçirilən aksiya birmənalı şəkildə sülhməramlıların öz funksiyasını yerinə yetirməməsindən irəli gəlir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, sülhməramlılar Birləşmiş Millətlər Təşkilatı və öz mandatlarına uyğun olaraq silahlı münaqişə tərəflərinin arasında sülhü bərqərar etmək üçün öz peşələrini yerinə yetirməlidir:
“Hər hansı tərəfə bu və ya digər cəhətdən yardım göstərmək onların mandatına uyğun deyil. Təəssüf doğuran məsələ budur ki, son vaxtlar sülhməramlı qüvvələr ancaq nəyisə müşayiət etmək, separatçı qüvvələrə dəstək olmaq kimi fəaliyyətlərlə yadda qaldı. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərGold”un nümayəndələrinin müəyyən monitorinq keçirməsinə mane oldular. Bunu isə dolayı yolla erməni separatçılarının vasitəçiliyi ilə etdilər. Son vaxtlar terrorçuların ərazilərə daxil olmasına da şərait yaradırlar. Cavab olaraq isə kiçik həcmli gömrük postunun qurulmasından danışırlar”.
Deputatın sözlərinə görə, Şuşa, Xankəndi yolunda QHT-lərin keçirdiyi aksiyalar da gündəmi zəbt edir:
“Azərbaycan ərazisinə Azərbaycan vətəndaşlarının silahsız formada keçməsinin qarşısını almaq heç bir mandata uyğun deyil.Ona görə də QHT nümayəndələri ilə sülhməramlı qüvvələrin görüşməsi, müvafiq marşrutun hazırlanması, onların təhlükəsizliyinin təmin edilməsi birbaşa sülhməramlıların funksiyasına uyğun məsələdir. Onlar bu vəziyyətdən mütləq şəkildə istifadə etməli idilər. QHT nümayəndələri silah-sursatı olmadan necə təxribat törədə bilərlər? Bu proseslərə tam cavabdehlik erməni separatçılarının, sülhməramlı qüvvələrin üzərinə düşür. Hər hansı problem yanarsa, Rusiya kontingenti bunun cavabdehliyini daşımalıdır. Qarşıdurmanın yaranmaması ilə bağlı Rusiya-Türkiyə monitorinq qrupu siyasi bəyanatını verməlidir. Eyni zamanda, sülhməramlı qüvvələr də öz üzərilərinə düşən funksiyanı tam şəkildə yerinə yetirib monitorinqin keçirilməsinə şərait yaratmalı, qht-ləri ərazidə müşayiət edərək onların keçirəcəyi hər hansı aksiyanın təhlükəsizliyinə təminat verməlidirlər”.
//Safura Bənnayeva, Editor.az

