Qasımov kral kreslosunu itirir – Nizami rayonundakı böyük obyektlər “barıt çəlləyidir”…backend

Qasımov kral kreslosunu itirir – Nizami rayonundakı böyük obyektlər “barıt çəlləyidir”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 26-da yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzinin tüstüsü bir sıra iri məmurları da “boğacaq”. AFN xəbər verir ki, bu barədə BakuPost məlumat yayıb. Məlumatda bildirilir ki, milyonlarla manat zərərə səbəb olan, təşviş yaradan yanğından sonra başı üzərində qara buludular əsən yüksək vəzifəli məmurların ilk sırasında Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dayanır.

Hökumətə yaxın mənbənin bildirdiyinə görə, TM-də ziyana düşən sahibkarlara sahib çıxan ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hər bir ticarətçiyə dəyən zərər dövlət tərəfindən ödəniləcək. Bütün bu proseslərin yekunlaşmasından sonra isə müvafiq qurumlar bu yanğında “əməyi” olan yüksək vəzifəli məmurları və TM-in sahiblərindən hesab soruşacaq.
Bu barədə yanğından sonra sahibkarlarla görüşən PA rəsmisi Hüseyn Mövsümov da açıqca bildirmişdi. O, sahibkarla görüşdə demişdi ki, insanlara dəyən zərər ödənildikdən sonra bu yanğında məsuliyyəti olan hər kəs cəzalandırılacaq.
Yanğından sonra prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən xüsusi müşavirədə də bu işdə günahı olan məmurların və digər vəzifəlilərin kimliyi demək olar ki, tamamilə ortaya çıxarıldı.Müşavirədə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə ittiham etdi.
Sitat: “Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən “Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib. Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.
Nazirin də bu açıqlamasından açıqca ortaya çıxır ki, TM-in külə dönməsindəki ən böyük günah sahiblərinin başında Nizami rayon icra hakimiyyətinin rəhbəri Arif Qasımov dayanır.Məlum olub ki, 2015-ci ildə Nizami rayonuna icra başçısı təyin edilən A.Qasımov vəzifəyə gəldiyi gündən faciəyə qədər – 4 il müddətində FHN tərəfindən mütəmadi xəbərdarlıq almasına baxmayaraq, “Diqlas”dakı təhlükənin aradan qaldırılmasına çalışmayıb və göz görə-görə faciənin yaşanmasına səbəb olub.
Onu da bildirək ki, “Diqlas”dakı yanğından sonra müvafiq qurumlar Nizami rayonundakı digər TM-lərdə təhlükəsizlik qaydalarına nə qədər əməl olduğunu yoxlayıblar. Məlum olub ki, Bakının ən böyük bazarlarının yerləşdiyi bu rayondakı TM-lərin demək olar, heç birində qaydalara əmək olunmayıb. Və bütün TM-lər FHN rəsmisinin də deyimi ilə “barıt çəlləyidir”.
Aydındır ki, minlərlə insanın həyatına və sahibkarların yanıb külə dönən milyonlarla manatına bu laqeyd münasibətin arxasında A.Qasımovun hansısa maraqları dayanıb. A.Qasımovun TM-in sahiblərindən şəhərin ən sıx ərazilərindən birinin mərkəzinə yerləşdirdikləri bu “barıt çəlləyi”nə niyə göz yumduğunun səbəblərini yalnız onun özü açıqlaya bilər. Lakin indiki faktiki hal onu deməyə əsas verir ki, A.Qasımovun hansısa maraqları naminə yüzlərlə sahibkarın əziyyətlə qazandığı pullar külə döndü, üstəlik, dövlət milyonlarla manat ziyana düşdü.Əlbəttə, dövlət bu məsuliyyətsizin hesabını da məsuliyyət daşımalı olan şəxslərdən soruşacaq.
BakuPost-u bilgiləndirən qaynaq A.Qasımovun “qələminin” qırılacağı vaxtı da açıqlayıb. O bildirib ki, hazırda dövlətin əsas məqsədi yanğından zərər çəkən sahibkarların problemlərinin həll edilməsidir. Bu problemlər həll edildikdən və sahibkarlar razı salındıqdan sonra işin ikinci mərhələsinə – günahkarın cəzalandırılmasına başlanılacaq. Bu zaman isə ilk sırada Arif Qasımov gələcək. Gözlənilir ki, Nizami rayonunun başçısının işdən qovulması barədə sərəncamı gələn ayın sonlarına doğru oxuyacağıq.Mənbəmizin A.Qasımovun ən qısa müddətdə işdən qovulacağı barədə iddiasını gücləndirən əsas faktor isə onunla oxşar taleləri yaşayan məmurlardır. Diqqətli oxucu xatırlayar, bir neçə il əvvəl Binəqədi rayonunda baş verən və xeyli sayda insanın ölməsi ilə nəticələnən dəhşətli bina yanğınından sonra keçirilən müşavirədə də FHN rəhbəri açıqca rayon rəhbərliyini ittiham etmiş, binanın tezalışan materialla üzlənməsinin məsuliyyətini onlara yükləmişdi. Nazir o zaman da rayon rəhbərliyinə bu barədə mütəmadi xəbərdarlıq etdiklərini bildirmişdi. Nəticədə yanğından bir müddət sonra prezident İlham Əliyev Binəqədənin icra başçısı Xaləddin İsgəndərovu işdən qovmuşdu. Eyni situasiya ötən il Mingəçevirdə bütün ölkənin işıqsız qalmasına səbəb olan partlayışdan sonra da baş vermişdi.
Yenə eyni qaydada, prezident yanındakı müşavirədə nazir Kəmaləddin Heydərov “Azərenerji” rəhbərliyini ittiham etmiş, İES-dəki təhlükəsizlik qaydalarına əməl etmək barədə xəbərdarlıq etsələr də, buna riayət olunmadığını açıqlamışdı. Nazir prezidentə hətta bununla bağlı qalın bir dosye də təqdim etmişdi. Bu iclasın ardınca da yenə eyni şey oldu və az sonra prezident İlham Əliyev “Azərenerji” rəhbəri Etibar Pirverdiyevi tutduğu vəzifədən qovdu.
Bu baxımdan, əminliklə demək olar ki, hökumətdəki mənbənin verdiyi informasiya heç şübhəsiz doğrudur və Arif Qasımovun da işdən qovulduğuna yaxın günlərdə şahidlik edəcəyik.
Səriştəsiz icra başçısının Nizami rayonunda illərdir yaratdığı “barıt çəllək”lərinin aradan qaldırılması isə hələ uzun vaxt aparacaq.

Bizimxeber.Az