Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə bildirib ki, vətəndaşların doğma yurd-yuvalarına qayıtması ilə bağlı konsepsiya hazırlanıb işlənməlidir.

Politoloq Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələnin dövlət səviyyəsində işıqlandırılması ondan xəbər verir ki, Azərbaycan həm də öz doğma yurdlarından qaçqın düşmüş Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı konkret tədbirlər görməyə başlayıb: “Bununla bağlı baza tədbirlər həyata keçirilib. Əsas görüləcək işlər qabaqdadır. Konsepsiyanın hazırlanması üçün kifayət qədər imkanlar var.
Qarşıda bizi gözləyən başlıca məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini imzalamaqdır. Həmin müqavilənin şərtlərinə də bu bəndlərin daxil edilməsi vacibdir. Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması sülh müqaviləsində əksini tapmalıdır. Konsepsiya təşkil edilərkən əvvəlcə, qərbi azərbaycanlıların oradan qaçqın düşməsi ilə bağlı vəziyyətin öyrənilməsi, təhlil edilməsi lazımdır. Daha sonra həmin ərazilərlə bağlı Azərbaycan daha dəqiq məlumat hazırlamalıdır. Bununla da konsepsiya təşkil etmək mümkündür. Bu, mərhələləli prosesdir. Qarşıdakı dövrdə bununla bağlı addım atıla bilər”.
//Safura Bənnayeva, Editor.az

