“Qazaxın 4 kəndində bayrağımızın dalğalanması böyük qələbəmizin davamıdır”- Millət vəkilibackend

“Qazaxın 4 kəndində bayrağımızın dalğalanması böyük qələbəmizin davamıdır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan sərhədçilərinin Qazaxın 4 azad edilmiş kəndini nəzarətə götürməsi qələbəmizin davamıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu gün rəsmən Azərbaycana geri qaytarıldı. Artıq bu ərazilərdə də Azərbaycan bayrağı dalğalanır. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bu, şərti yox, real sərhəd xəttidir, qarşılıqlı şəkildə tanınır. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Çünki Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Beləliklə, Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır. Hələ bu ilin yanvarında yerli televiziya kanallarına müsahibə verən dövlət başçısı Qazaxın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı mövqeyini açıq ortaya qoymuş, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” demişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin tələbi ilə heç bir başqa vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarıldı:

“Dövlət başçımızın da söylədiyi kimi, bundan sonra belə də olacaq. “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar”,- deyə Prezident İlham Əliyev mayın 10-da Şuşada sakinlərlə görüş zamanı bəyan etmişdi. Bu, onu göstərir ki, delimitasiya, demarkasiya məhz rəsmi Bakının şərtləri əsasında həyata keçirilir.

Ermənistan zaman-zaman qeyri-müəyyən mövqe sərgiləyərək, gah “güzgü şəklində geri çəkilmə”dən, gah 31 kənd iddiasından danışırdı. Lakin zaman göstərdi ki, Ermənistanın Qərbdəki havadarlarının diktəsi ilə nə deməsindən asılı olmayaraq, məsələ Azərbaycan Prezidentinin söylədiyi kimi oldu. 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsidir”.

//Gülnarə Abasova, Editor.az