“Qazaxın Ermənistan tərəfindən işğal altında olan 7 kəndində hər hansı bir ölkənin silahlı qüvvələri yerləşdirilirsə, buna Azərbaycan qərar verməlidir. Çünki sözügedən ərazilər Azərbaycana məxsusdur”.
Bu sözləri Editor.az- açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O, bildirib ki, Ermənistan belə bir təklif irəli sürsə də, Azərbaycanın icazəsi olmadan Rusiya öz qoşunlarını onun ərazilərinə yerləşdirə bilməz:
“10 noyabr razılaşması imzalanan zaman Cənab Prezident İlham Əliyev də elan etmişdi ki, sözügedən ərazilər 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub və kəndlər geri qaytarılacaq. Əgər rus qoşunları bu ərazilərə Azərbaycanın razılığı olmadan qoşun yerləşdirirsə, Azərbaycanla münasibətlərə ciddi şəkildə zərbə vurmuş olacaq. Azərbaycanın isə belə bir razılıq verməsi mümkün deyil, çünki orada heç Ermənistan əhalisi yaşamır”.
Politoloqun sözlərinə görə, Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı proses gedir:
“Əgər kəndlər geri qaytarılarsa, həmin ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə rus qoşunları ora yerləşdirilə bilər. Lakin indiki halda heç Rusiya ora qoşun da göndərmiyib. Söhbət burada yalnız bir manqa əsgərdən gedir. Bununla da Rusiyanın məqsədi Ermənistanın təhlükəsizliyini təmin etmək deyil”.
//Gülnarə Abasova, Editor.az

