“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri regional və beynəlxalq aktorların diqqət mərkəzində idi. Əslində mövcud siyasi reallıqlar kontekstində bu, kifayət qədər gözlənilən idi. Üstəlik onu da əlavə edək ki, ölkə prezidentləri arasında aparılan danışıqların nəticələri, imzalanmış sənədlərin siyahısı və verilən bəyanatlar gələcəyə doğru üzərində dərindən düşünmək üçün kifayət qədər əsaslar verir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” bundan sonrakı mərhələdə Qazaxıstan və Azərbaycan münasibətlərinin yeni tendensiya ilə müşahidə olunacağından xəbər verir:
“Hər iki ölkənin imkanlarının genişləndirilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud potensialını artırmağa çalışılmasına dair konkret qərarların alınması, səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri ilə yanaşı, regional təhlükəsizliklə bağlı məsələlərə toxunulması, beynəlxalq problemlərə dair ətraflı danışıqların aparılması, çoxlu sənədlərin imzalanması fonu və Azərbaycanın nəqliyyat və logistika potensialının reallığı nəticəsində Tokayev imzalanmış sənədlərlə bağlı bildirdi ki, “Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik”. Deməli, Qazaxıstanın timsalında konkretlik var. Cənubi Qafqazda tarix, dil, mentalitet baxımından Qazaxıstana yaxın respublika olan Azərbaycanla mövcud geosiyasi vəziyyət fonunda münasibətlərin dərinləşdirilməsi olduqca vacibdir. Məhz Azərbaycan vasitəsilə Avropaya alternativ yolun mövcudluğu Qazaxıstana şaxələndirmə siyasətini həyata keçirməyə imkan verir. Rusiyadan tranzitin ucuz və sürətli olmasına baxmayaraq Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu gün daha böyük aktuallıq kəsb etməyə başlamışdır ki, bu marşrut kifayət qədər etibarlılıq, davamlılıq və dayanıqlılıq vəd edir. 2017-ci ilin statistik göstəricilərinə nəzər yetirdiyimiz zaman Transxəzər marşrutu ilə 500 konteyner daşınıbsa, 2021-ci ilin sonuna onların sayı 25 minə çatıb. Deməli, müsbət tendensiya var. Onu da xüsusilə vurğulayaq ki, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Deməli, Orta Dəhlizin aktuallığı daha da artır. Tokayevin da açıq şəkildə bildirdiyi kimi Qazaxıstan tərəfindən əməkdaşlığın nəqliyyat-logistika növünün inkişafına mütləq mənada maraq var”.
Müsahibimizin sözlərinə görə, iki ölkə arasında müsbət dinamikanın qorunub saxlanılmasına baxmayaraq mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan deyil:
“Məhz bu reallığı nəzərə alaraq münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi yaxın perspektivdə dinamikanın daha da sürətlənərək milyard dollar həddinə çatmağa imkan verəcək.
44 günlük Vətən müharibəsinin gedişində rəsmi Nur-Sultan bitərəfliyə riayət etməsindən asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrinə sadiq olduğunu bəyan etmiş, KTMT-ə üzv olmasına baxmayaraq Ermnistanın ümidlərini heçə çıxarmışdır. İndiki mərhələdə isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında Qazaxıstan şirkətləri yaxından maraqlıdırlar. Eyni zamanda, Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Qazaxıstan tərəfindən atılan olduqca nəcib addımdır. Şuşa və Türküstan, Mingəçevir və Uralsk şəhərlərinin qardaşlaşması barədə sənədin imzalanması dərinləşəcək münasibətlərin dövlətlərdən xalqlara sirayət edəcəyindən, xalqlararası əlaqənin dərinləşdirilməsi hədəfinin müəyyənləşdirilməsindən xəbər verir. Nur-Sultanın böyük küçələrindən və ya prospektlərindən birinə Qazaxıstanda böyük hörmət, səmimi ehtiram bəslənilən Ümummilli Liderimiz Heydər Əliyevin adının verilməsi təklif edilmiş, eyni zamanda tarixi Zəfərə imza atan Müzəffər Ali Baş Komandan İlham Əliyev Qazaxıstanın ali ordeni – “Qızıl qartal”, “Altın kıran” ordeni ilə təltif edilmişdir ki, hər iki amil illər ərzində yürüdülən siyasətin beynəlxalq platformada haqlı olaraq ən ali şəkildə dəyərləndirilməsi, dövlət başçımızın da ifadə etdiyi kimi xalqımıza verilən dəyərdir.
Bir sözlə, imzalanan sənədlər, səsləndirilən fikirlər, verilən bəyanatlar qarşıya qoyulan hədəflər xalqlarımız arasında mövcud dostluq və qardaşlığın daha da möhkəmlənəcəyindən xəbər verir”.
//Gülnarə Abasova, Editor.az

