Qazaxıstan Qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 növ məhsulun tədarükünü dayandırıb.
Editor.az bildirir ki, bu barədə ölkənin ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib. Onun sözlərinə görə, söhbət “hərbi məqsədlər üçün nəzərdə tutulmuş” məhsullardan gedir. Qadağa həm Qazaxıstan, həm də xarici istehsalçılara şamil edilir.
Qadağaya dronların ehtiyat hissələri, xüsusi elektronika və çiplər kimi mallar daxildir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabrın sonunda Almaniyaya səfəri zamanı Astananın Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəyini bildirib.
Onun sözlərinə görə, Qazaxıstan “sanksiya rejiminə əməl etmək üçün müvafiq təşkilatlarla” əlaqə saxlayır. Eyni zamanda, Tokayev bəyan edib ki, Astana Moskva ilə əməkdaşlıq kursuna sadiqdir və Rusiya əleyhinə deyil. Rusiya Xarici İşlər Nazirliyi deyib ki, Moskva Qazaxıstanın üçüncü ölkələrlə münasibətlərinə qarışmır, lakin onların qarşılıqlı fəaliyyətə təsir etməyəcəyini gözləyir.
//Samir Qurbanov, Editor.az

