“Təəssüf ki, qazimizin intihar etməsi hər birimizi sarsıtdı. Düşünürəm ki, bu hadisələrə şərait yaratmamaq üçün bütün dövlət orqanları və qurumlar əlindən gələni etməlidir. Mən və həmkarlarım qazilərin və şəhid ailələrini qəbul edib, problemlərini dinləyib, həlli istiqamətdə müvafiq qurumlara müraciətlər edirik. Lakin biz müəyyən səlahiyyətimizin daxilində buna çalışırıq, digər məqamlar var ki, onların həlli bilavasitə digər qurumlardan asılıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, ölkəmizdə qurumlararası əlaqə heç də yaxşı deyil:
” Belə ki, öz təcrübəmdən deyə bilərəm, qazi əlində 3-4 qurumun rəyi ilə bizə müraciət edir. Görürük ki, bu qurumlar şəxsin yaralanmasını, əmək qabilliyyətinin olmamasını təsdiq etsə də sonda nəticə etibarilə həmin qaziyə imtina cavabı gəlir. Yəni sonuncu qurum digərlərinin rəyini tanımır. Bütün bu hallar müharibədə öz yoldaşlarını itirib dəfələrlə ölümlə üz-üzə qalan, nəticədə yaralanıb, sağ qalan, aldığı travmalardan, sarsıntılardan əsəbləri korlanmış birini daha da qıcıqlandırır və son çarə intihara əl atır. Mən qazilərimizə də çağırış edirəm ki, bu həll yolu deyil, siz bizim 44 günlük Vətən müharibəmizin, vətən sevgisinin canlı kitablarısınız, biz dövlət olaraq sizə sahib çıxıb, qoruyuruq. Bir-iki anlaşılmaz vəziyyətə görə bu xoşagəlməz durumları yaratmayaq”.
Millət vəkili vurğulayıb ki, ölkə başçısının əsas siyasi xətti məhz bu həssas kateqoriyanın sosial rifahının və problemlərinin həll olunmasıdır:
“Bütün icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə əlaqədar şöbə yaradılıb və şöbələrdə əsasən Vətən Müharibəsi iştirakçıları təyin olunub. Bu şöbələrin fəaliyyəti daha da qabardılmalı, intensivləşdirilməlidir. Digər tərəfdən bu məsələlərdən siyasi motiv kimi istifadə edən qüvvələr də var. Həmin qüvvələrin qazilərimiz və şəhid ailələrimizdən siyasi silah kimi istifadə edilməsinə imkan yaradılmamalıdır. Burada əsas məsələ onların problemlərinin həllinə fokuslanmalı və məşğulluqlarının təminatı, əlilliyin təyinatı problemlərini həll etməkdir. Düşünürəm ki, sıravi vətəndaşlarla müharibə əlillərinin əlillik meyarları eyni olmamalıdır. Bir halda ki, hər hansı orqanında qəlpə və ya güllə ilə yaşayan qazilər var ki, onlar əlillik meyarlarına uyğun gəlmədiyindən imtina cavabı alırlar, halbuki, onlar bu zədəni məişətdə və ya iş zamanı almayıblar. Müharibədə iştirak edənlərin xəsarəti ərazi bütövlüyümüz uğrunda olubsa, bu mütləq öz həllini tapmalı, problemli məsələyə çevrilməməlidir. Heç bir halda ölkədəki asayişin pozulmasına səbəb olacaq addımlar atılmamalıdır. Hazırda güclü Azərbaycan Ordusunun qazisinin məğrurluğunun qorunması hər birimizin borcudur”.
//Gülnarə Abasova, Editor.az

