Qəbul imtahanları SADƏLƏŞDİRİLMƏLİDİR: “Hazırlıq kursları, repetitorlar olmasa…”backend

Qəbul imtahanları SADƏLƏŞDİRİLMƏLİDİR: “Hazırlıq kursları, repetitorlar olmasa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Dövlət İmtahanı Mərkəzi tərəfindən 2022-2023 tədris ili üçün qəbul imtahanlarının birinci mərhələsi cari ilin məzunlarına mart ayında, əvvəlki illərin məzunları üçün isə aprel ayının 3-də keçirildi. Son bir neçə ildir ki, qəbul imtahanı tarixləri pandemiya ilə əlaqədar olaraq bir qədər gec elan olunur. Lakin imtahanların mart ayına çəkilməsi abituriyentlərin nəticələrinə sadəcə psixoloji olaraq mənfi təsir edə bilər. Çünki DİM mart ayında dərs proqramının tam keçirilmədiyini nəzərə alaraq yalnız keçirilən mövzular üzrə buraxılış imtahanını həyata keçirtdi”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil ekspertinin sözlərinə görə, abituriyentlərin imtahan nəticələri ilə bağlı çoxsaylı narazılıqlar, şikayətlər var:

“Bu, əsasən açıq tipli suallarla bağlıdır. Bu tipli sualların yoxlaması zamanı markerlər- müəllimlər müəyyən texniki səhvlərə yol veriblər. Bu da haqlı olaraq abituriyentlər tərəfindən birmənalı qarşılanmır. Belə olduqda isə istənilən halda obyektiv, şəffaf qiymətləndirmə prinsipi pozulur.
Builki buraxılış imtahanlarında 92673 nəfər iştirak edib. Onlardan təxminən 23650 nəfər 0-50 bal arası nəticə göstərib. 300 nəfər isə “0” nəticə göstərib. Bütün bunlar onu deməyə əsas verir ki, orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti çox aşağıdır. Bu gün əgər Azərbaycan təhsil məkanında xüsusi hazırlıq mərkəzləri, kurslar, repetitorlar olmasa təəssüflər olsun ki, 93 min nəfərin hər biri o 23 min şəxsin nəticəsini əldə edəcəkdi. 93 min nəfərdən 23 min nəfərin 50 bal həddini keçməməsi artıq müvafiq aiddiyyatı qurumlar üçün bir siqnal olmalıdır. Biz təhsil və qəbul imtahanları ilə bağlı müvafiq islahatlar həyata keçirə bilək. İlk növbədə, orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti artırılmalı, daha sonra DİM qəbul proqramını dəyişməli, və ya sadələşdirməlidir”.

E.Əfəndi hesab edir ki, açıq tipli suallar qəbul imtahanından çıxarılmalıdır:

“Çünki bu sualların olması birbaşa imtahan nəticələrinin gec elan olunmasına gətirib çıxarır. İmtahan nəticələri 3 həftədən də gec bir vaxtda elan olunur. Burada itirən tərəf yalnız abituriyentlər deyil, DİM də maddi cəhətdən kifayət qədər böyük vəsait xərcləyir. Çünki yoxlama üçün müvafiq olaraq təyin olunan müəllimlərə DİM-in büdcəsindən ödənişlər edilir. Eyni zamanda, informasiya texnologiya əsrində imtahan cavablarının 3-4 həftə ərzində elan olunması düzgün deyil. Əvvəllər qəbulda yalnız qapalı tipli suallar olduğu üçün uzağı 1 həftəyə cavablar elan olunurdu. Buraxılış və qəbul imtahanlarının formatı da artıq eyniləşdirilməlidir. Abituriyentlər yalnız bir imtahan verməli bu bal əsasında isə həm buraxılış, həm də qəbul nəticələri müəyyənləşməlidir. Bu format hal-hazırda prinsiplə 5-ci qrup üzrə və orta ixtisas müəssisələrinin qəbul imtahanında istifadə edilir. Düşünürəm ki, bu formatı bütün qruplara tətbiq etmək lazımdır”.

//Gülnarə Abasova, Editor.az