“Qənirə Paşayeva bizim yanımızda baş prokuror Kamran Əliyevə zəng etdi” – Şəhid anası nədən narazıdır?backend

“Qənirə Paşayeva bizim yanımızda baş prokuror Kamran Əliyevə zəng etdi” – Şəhid anası nədən narazıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəvəm Rzayev İqbal Mehman oğlu günahsız ola-ola, onun haqqında “Ultratek” MMC-nin saxta şikayəti ilə bağlı prokurorluqda cinayət işi açılıb”.

Bunu Musavat.com-a müraciətində şəhid Füzuli Rzayevin anası Tovuz rayonu Hunanlar kəndində yaşayan Rzayeva Gülbahar Məcid qızı edib.

G.Rzayeva deyib ki, nəvəsi barəsində açılan cinayət işi üzrə maddi ziyanın olub-olmamasını müəyyən etmək üçün 4 dəfə ekspertiza təyin edilib və alınan bütün rəylərdə nəvəsinin günahsız olduğu göstərilib:

“Nəvəm İqbal Rzayev indiki adı “Texnomart” olan, daha əvvəl isə “Ultratek” MMC kimi tanınan şirkətin rəhbərliyinin göstərişi ilə mənimsəmədə ittiham olunur. Nəvəm şirkətin Tovuz filialında müdir olub. Onu şirkətin malını mənimsədə günahlandırırlar. Amma işlə bağlı alınmış bütün rəylərə görə, hansısa ziyanın olmadığı, nəvəmin günahsız olduğu öz təsdiqini tapıb. Bunu biz yox, ekspert rəyləri sübut edir. Buna baxmayaraq, iş 1 ildən artıqdır ki, yekunlaşmır. Biz şəhid ailəsi kimi dövlətimizə, Prezidentimizə sadiq olduğumuz və heç bir cinayət törətmədiyimiz halda belə ədalətsizliklə üz-üzə qalmışıq”.

Şəhid anası qeyd edib ki, nəvəsi rəsmi sənədlərdə şirkətin Tovuz filialının rəhbəri olsa da, cinayət işində Qazaxdakı mağazanın da rəhbəri kimi göstərilir:

“Rəsmi sənədlər var ki, nəvəm Tovuz filialının müdiridir. Amma Qazaxdakı mağazadan mənimsənildiyi deyilən malların pulunu da nəvəmdən tələb edirlər. Dedikləri və tələb etdikləri məbləğ 144 min manatdır. Nəvəm nümunəvi işçi olub və hər rüb yoxlama, hesabat olub. Heç birində nöqsan olmadığı halda bu qədər zərəri necə müəyyən etdilər? Onlar desə ki, ziyan 1 milyondur, 1 milyon da yazılacaq?

İqbal mənə baxır, bütün ailəmizi, qazi oğlumu, onun xərçəng xəstəsi olan həyat yoldaşını, hamızı dolandırır. Hamımız İqbalın himayəsindəyik”.

Bu məsələ ilə bağlı Milli Məclisə deputat Qənirə Paşayevanın qəbulunda olduğunu da deyən şəhid anası bildirib ki, həmin zaman baş prokurorla danışıq olub:

“Qənirə xanım Baş prokuror Kamran Əliyevə zəng elədi, məsələ ilə bağlı məlumat verdi. İnanıram ki, baş prokuror bu məsələni nəzarətinə götürəcək. Hələki İstintaq idarəsi bir addım atmır. Nəvəmin həbsini tələb edirlər. Şirkətin nümayəndələri deyir ki, İqbalın həbsi digər işçilərinə dərs olacaq. Belə özbaşınalıq olar? Belə çıxır ki, şirkətin pulu-gücü çoxdursa, bizim günahsız olub-olmamağımız əhəmiyyətsizdir?

Qeyd edim ki, artıq ekspertiza rəyləri həmin adamların maraqlarına uyğun gəlmədiyi üçun, onlar nəvəm İqbalın üzünə adam qoymaq istəyirlər.

Belə ki, şirkətin əməkdaşları tərəfindən İqballa eyni vaxtda işləmiş əməkdaşlarına, eləcə də, kreditlə mal almış şəxslərə hədə-qorxu gələrək, yaxud mövcud kreditlərini bağışlamaq qarşılığında İqbalın əleyhinə ifadə vermələri istənilir. Çünki əlacları saxta sübut toplamağa qalıb. Lakin kimlərinsə saxta, pul yaxud hədə qarşılğında verdiyi ifadəsi ilə ziyan müəyyən edilə bilməz. Ziyan yalnız ekspertizalar ilə müəyyən edilə bilər. Ekspert rəyləri isə bizim günahsız olduğumuzu deyir.

Ailəmizdə ümumilikdə 2 şəhid vardır. Oğlum Rzayev Füzuli Ziyadxan oğlu və baldızım oğlu Mədətov Adil Xıdır oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. Digər oğlum İmaməddin Rzayev isə Qarabağ müharibəsi qazisidir. İqbal tək öz ailəsini deyil, məni də dolandıran yeganə şəxsdir. Bu məsələnin ədalətli araşdırılması üçün bütün rəsmi qurumlara müraciət etmişəm”.

Baş Prokurorluğun bildirir ki, “Ultratek” MMC-nin baş ofisindən Tovuz rayon prokurorluğuna şirkətin Tovuz rayonunda yerləşən filialında baş vermiş mənimsə faktları ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılaraq 22 dekabr 2020-ci il tarixində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət işi üzrə məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq və digər zəruri ekspertizalar təyin edilmiş, qeyd edilən filialın müdiri işləyən İqbal Rzayev və digər şəxslər şahid qismində dindirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzə istintaq tədbirləri davam etdirilir.