Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva MM-in İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin noyabrın 12-də keçirilən birgə iclasında çıxış edib.
İclasda birinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin mütərəqqi əsaslara malik olduğunu vurğulayan Q.Paşayeva bir sıra təkliflər səsləndirib.
2022-ci il üçün təklif olunan dövlət büdcəsini tarixi Zəfərə imza atmış ölkənin büdcəsi kimi xarakterizə edən Komitə sədri, bəzi sahələr üzrə vəsaitlərin artırılması ilə bağlı fikirlərini bildirib. O, şəhid ailələri, qazilər, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mədəniyyət və b. sahələrin dəstəklənməsi kimi istiqamətlərlə bağlı rəy və təkliflərini səsləndirib. Q.Paşayeva kinoya ayrılan xərclərin önəmli dərəcədə artırılmasının vacibliyini vurğulayıb:
“Bu yaxınlarda türkiyəli məşhur rejissor Osman Sınav Azərbaycana gəlmişdi. O təklif etdi ki, ortaq dəyərlərlə bağlı film çəkilsin, xərcin yarısını Türkiyə qarşılayacaq. Amma biz xərclərin qalan yarısını ödəmək üçün vəsait tapa bilmədik. Məlum oldu ki, bizdə film çəkilişi üçün ayrılan vəsait yetərincə azdır. Əgər biz keyfiyyətli filmlər, seriallar istəyiriksə, kino və mədəniyyət sahəsinə ayrılan vəsaitlər artırılmalıdır. Azərbaycanda bütün parametrlər üzrə tarixi filmlərin, serialların çəkilməsi zəruridir. Bu filmləri “Neftlix” vasitəsilə dünyaya çatdırmalıyıq.
Digər tərəfdən, dünyada mədəniyyətimizi təmsil edən insanların əsas problemi evlə bağlıdır. Mədəniyyətdə müəyyən sahələrdə xidmətləri olan insanların güzəştli ipotekadan yararlanmasına şərait yaradılmalıdır”.
Komitə sədri qeyd edib ki, Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlərin keçirilməsi üçün də yetərli vəsaitin ayrılmasına ehtiyac var.
Q. Paşayeva bildirib ki, bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb:
“Mədəniyyət nümayəndələri Aşıq Ələsgərin heykəlinin qoyulmasını xahiş edir. Belə bir abidə onun 200 illik yubileyinə yaxşı töhfə olardı. Çünki Göyçədəki qəbirüstü abidəsi erməni vandalları tərəfindən dağıdılıb və dünya azərbaycanlılarının döyünən ürəyi Bakıda qüdrətli söz sənətkarının abidəsinin ucaldılması mənəvi borcumuzdur”.
Q.Paşayeva həmçinin Tovuzdakı tarixi Göytəpə abidəsinə də diqqət ayrılmasını xahiş edib.
Millət vəkili 19, 20 il və daha çox qüsursuz xidmət etmiş şəhid zabitlərin ailəsinin ləyaqətli mənzil şəraiti ilə təmin olunmasına xüsusi diqqət yetirilməsini vacib hesab edib. Şəhid mayorlar Rahib Əliyev və fRüfət Əsgərovun misalında ailələrinin haqq etdiyi normal mənzillərlə təmin edilməsinin günün tələblərinə cavab verməyən normativlərlə əlaqələndirildiyini deyib. O, ya həmin normativlərin dəyişdirilməsini ya da alternativ, xüsusi variantların tətbiqini təklif edib

