“Qərb Azərbaycana təzyiq etməklə Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyir”- Millət vəkilibackend

“Qərb Azərbaycana təzyiq etməklə Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AŞPA-da Azərbaycan nümayəndə heyətinin etibarnaməsinin qəbul olunmaması bəzi ölkələrin bizə qarşı münasibətdə qərəzli təzyiq cəhdlərini açıq göstərir. AŞPA Azərbaycana qarşı qərəzli qərar qəbul etməklə ədaləti, hüququn aliliyini ayaq altına ataraq xristian həmrəyliyini nümayiş etdirmiş oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Qərb Azərbaycanın qələbəsini, öz ərazilərini işğaldan azad etməyini və regionda söz sahibinə çevrilməyini heç cürə həzm edə bilmir:

“Ona görə də Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməklə AŞPA-da oturanlar öz içindəkilərini üzə çıxarmış oldular. Həm də bu qurumun fəaliyyətinin özü yanlış siyasət üzərində qurulub. Çünki burda qərarların qəbul olunmasında kvorum gözlənilmir. AŞPA-da 306 deputat olduğu halda Azərbaycana qarşı qərarın qəbul olunmasında cəmi 90 deputata səsvermədə iştirak etmişdir. Əgər bu qurum öz fəaliyyətini ədalət üzərində qurubsa necə olur ki, deputatların üçdə birinin iştirakı ilə təşkilat üçün vacib belə qərarlar qəbul olunur. Bu, həm də AŞPA-nın bir sövdələşmə və müəyyən sifarişlərin icraçısı olan təşkilat olduğunu göstərir. Fransa AŞPA-ya sifariş verir ki, Azərbaycana qarşı qətnamə qəbul olunmalıdır. Onlar da araşdırma aparmadan Fransanın istəyini həyata keçirir. Bu baxımdan AŞPA-nı demokratik və hüquq prinsiplərinə əsaslanmayan fəaliyyətlə məşğul bir təşkilat hesab edirəm.

İndi sual olunur ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməklə AŞPA nəyə nail oldu? Deyə bilərəm ki, heç nəyə. Əslində Azərbaycanın təşkilatdan qeyri-müəyyən müddətə uzaqlaşması bu təşkilatın nüfuzuna çox mənfi təsir göstərmişdir. Qərb Azərbaycana təzyiq etməklə Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyir. Amma Azərbaycan heç kimdən aslı ölkə deyil və müstəqil siyasət yürüdür. Bizə qarşı düşmən gözü ilə baxanlar bir dəfəlik bilməlidirlər ki, Azərbaycan nə 90-cı illərin Azərbaycanı deyil, nə də onların ikilistandartlı qərarları xalqımızın iradəsini dəyişə bilməyəcək. Reallıq odur ki, Azərbaycan öz ərazilərində suverenliyini bərpa edib və heç kimə boyun əymək fikrində deyil”.

//Gülnarə Abasova, Editor.az