“Qərb birliyində çat yaranır, Moskva fürsəti dəyərləndirəcək” -AÇIQLAMAbackend

“Qərb birliyində çat yaranır, Moskva fürsəti dəyərləndirəcək” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ müdafiə naziri Pit Heqsetin Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra verdiyi açıqlama alyans daxilində uzun müddətdir səssiz şəkildə davam edən fikir ayrılıqlarını bir daha gündəmə gətirib”.

Bu fikri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib. Onun sözlərinə görə, Vaşinqtonun “müttəfiqlər Ukrayna üçün daha çox silah almalıdır” çağırışı artıq təkcə hərbi deyil, siyasi mesaj daşıyır:

“ABŞ faktiki olaraq Avropanı Ukrayna müharibəsinin əsas maliyyə yükünü daşımağa məcbur edir. Bu isə NATO daxilində ‘xərc paylaşımı’ məsələsini yenidən mərkəzə çıxarır.”

Analitik qeyd edib ki, Avropa ölkələri, xüsusilə Almaniya və Fransa, artıq Vaşinqtonun bu təzyiqindən narazılıq hiss edirlər:

“Avropalı liderlər hesab edirlər ki, ABŞ Ukrayna məsələsini həm iqtisadi, həm də geosiyasi rıçaq kimi istifadə edir. Heqsetin açıqlaması bu narazılığı daha da dərinləşdirə bilər, çünki Avropa cəmiyyətlərində müharibə yorğunluğu açıq şəkildə hiss olunur. Əhalinin əksəriyyəti artıq Ukraynaya milyardlarla avro vəsait ayrılmasına etiraz edir.”

Tural İsmayılov bildirib ki, ABŞ administrasiyasının Qəzzada atəşkəsin əldə olunmasındakı roluna istinad etməsi Vaşinqtonun özünü “qlobal sülh vasitəçisi” kimi göstərmək cəhdidir:

“Lakin Moskva bu ritorikanı təxribat kimi qəbul edəcək. Kreml üçün bu cür bəyanatlar ‘kollektiv Qərbin təxribatı’ kimi görünür və cavab olaraq hərbi-texnoloji sahədə yeni addımlar ata bilər.”

Analitikə görə, Moskva üçün əsas məsələ Qərbin silahlandırma prosesini dayandırmaq deyil, onun qarşısında texnoloji üstünlüyü qorumaqdır:

“Rusiya ehtimal ki, müdafiə sənayesini daha da genişləndirəcək, Belarus və İranla hərbi əməkdaşlığı dərinləşdirəcək. Həmçinin Qara dəniz və Baltik istiqamətində yeni təlimlərin keçirilməsi istisna edilmir.”

O qeyd edib ki, ABŞ və NATO-nun sərtləşən ritorikası Avropada siyasi parçalanma riskini artırır:

“Bəzi ölkələr bu xərc yükünü daşımaq istəmir, digərləri isə ABŞ-ın liderliyini sual altına alır. Heqsetin bəyanatı Avropada ‘NATO kimin üçün çalışır – ABŞ üçün, yoxsa ümumi təhlükəsizlik üçün?’ sualını yenidən gündəmə gətirdi.”

Tural İsmayılovun fikrincə, bu vəziyyət Moskvanın əlinə oynayır:

“Rusiya Qərb daxilindəki fikir ayrılıqlarını dərinləşdirməyə çalışacaq və informasiya müharibəsi vasitəsilə NATO-nun birliyini sarsıtmağa cəhd göstərəcək. Nəticə etibarilə, Heqsetin bəyanatı yalnız Moskvaya yox, həm də NATO-nun öz sisteminə yönəlmiş ciddi sınaqdır.”

Siyasi analitik hesab edir ki, Trampın Qəzza məsələsində əldə etdiyi diplomatik uğurun Ukraynada təkrarlanması real görünmür:

“Çünki Ukrayna münaqişəsi Qəzzadan fərqli olaraq, böyük güclərin maraqlarının toqquşduğu çoxsəviyyəli böhrandır. Bu səbəbdən ABŞ və NATO-nun sərtləşən ritorikası, əslində, sülhə deyil, daha uzunmüddətli qarşıdurmaya gətirib çıxara bilər.”

“Beləliklə, Heqsetin bəyanatı həm Qərb birliyində fikir ayrılıqlarını dərinləşdirir, həm də Rusiyanın siyasi manevr imkanlarını genişləndirir,” – deyə Tural İsmayılov sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az