“Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərindən sonra onların əsgərlərinin Rusiya tərəfindən döyüşəcəyi ilə bağlı söhbətlər yayılmışdı. Görünən də odur ki, bu real idi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Şimali Koreyanın dünyadan təcrid edilməsi fonunda Rusiya ilə daha da yaxınlaşması hərbi və siyasi ittifaq kimi hər iki dövlətin maraqları çərçivəsindədir:
“Təbii ki, Şimali Koreyanın göndərdiyi sayı üç min olan deyilən əsgərin həm döyüşlərdə dönüş etməsi baxımından, həm də Şimali Koreyanın özü üçün elə də mahiyyəti yoxdur. Amma bu, iki ölkənin İttifaqını daha da möhkəmləndirən amildir. Şimali Koreyanın Rusiyaya dəstəyi Ukrayna müharibəsinin böyüklüyü baxımından simvolik xarakter daşıyır. Onların bu müharibədə iştirakı müəyyən mövqelərdə xırda əməliyyatlarda iştirak kimi ola bilər. Bundan ciddi nəticə əldə ediləcəyi nisbi xarakter daşıyır. Əgər bu sayı on minlərlə olarsa, hansısa ciddi təsirlərin olacağından danışmaq olar.
ABŞ-da keçiriləcək Prezident seçkilərindən gözləntilər fonunda Rusiya-Ukrayna müharibəsində ciddi hərəkətlənmələr olduğu görünür. Tərəflər böyük itkilər, xüsusən də, Rusiyanın verdiyi itkilər fonunda mövqelərdə irəliləmə əldə edilir. Ukrayna Kurskda avanturasını davam etdirir. Öz ərazisində də müqavimət göstərməyə davam edir. Amma Rusiya kiçik ərazilər əldə etmək bahasına ciddi itkilər verməkdən çəkinmir. Qərb alyansının sıralarında pessimist fikirlər baş qaldırsa da, müharibənin sonda kimi qələbə ilə bitəcəyi mesajları verilir. NATO-nun yeni baş katibi bu barədə danışıb. Hesab edirəm ki, Ukrayna-Rusiya müharibəsi tədricən yeni fazaya daxil olacaq. Qərb Rusiyanı asanlıqla qələbə çalmağa imkan verməz. Rusiya hələlik müttəfiqlərinin və daxili ehtiyatlarının hesabına müharibəni davam etdirə bilir. Amma bu da bir yerə qədərdir. Rusiya bu müharibədən elə çıxmalıdır ki, bir də kiməsə hücum etmək gücündə olmasın. Qərb buna çalışır”.
//Gülnarə Abasova, Editor.az