Qərb Cəbhəsində YENİ GƏRGİNLİK: Trampın TARİF OYUNU nə vaxta qədər davam edəcək?backend

Qərb Cəbhəsində YENİ GƏRGİNLİK: Trampın TARİF OYUNU nə vaxta qədər davam edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya iqtisadiyyatının sabitliyinə yönəlmiş növbəti təhdid bu dəfə Atlantik okeanının o tayından gəldi. ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına qarşı tətbiq etdiyi 30 faizlik tarif qərarı Brüsseldə həm siyasi, həm də iqtisadi cəbhədə sarsıdıcı təsir doğurub. Qərarın ani və əvvəlcədən xəbərdarlıq edilmədən verilməsi Aİ-ni fövqəladə rejimə keçməyə vadar edib, bu isə öz növbəsində, beynəlxalq müşahidəçilərin diqqətini mümkün yeni bir ticarət müharibəsinin başlanğıcına yönəldib. Tarix boyu ABŞ və Avropa İttifaqı arasında formalaşmış iqtisadi əməkdaşlıq, indi ciddi bir sınaq qarşısındadır. Bəs bu qərar yalnız ticarət balansı ilə məhdudlaşacaqmı, yoxsa ABŞ-Aİ münasibətlərində daha dərin bir böhranın siqnalıdır?

Mövzu ilə bağlı Editor.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına qarşı 30 faizlik tarif qərarı ilk baxışda qəfil və sərt görünə bilər, lakin bu addımın arxasında ABŞ-ın iqtisadi maraqlarını ön plana çəkmək siyasəti dayanır:

“Tramp administrasiyası uzun müddətdir ki, ABŞ-ın əsas ticarət tərəfdaşları ilə olan münasibətlərində “ədalətli ticarət” prinsiplərini əsas götürərək, iqtisadi balanssızlıqları öz lehinə dəyişməyə çalışır.

Bu yanaşma ilk olaraq Çinlə münasibətlərdə özünü göstərmişdi. ABŞ-ın Çindən daha çox mal idxal etməsi və bunun nəticəsində yaranan böyük ticarət kəsiri, Trampın “rüsum savaşı”na start verməsinə səbəb olmuşdu. 2024-cü ilin əvvəlində baş verən gərginliklər qısa müddətdə tərəfləri danışıqlar masasına gətirmiş və nəticədə bəzi razılaşmalar əldə edilmişdi”.

İqtisadçının sözlərinə görə, eyni iqtisadi model indi Avropa İttifaqına yönəlib:

“Statistikaya əsasən, Aİ ölkələri ABŞ-a nisbətən daha çox mal ixrac edir və bu da ABŞ üçün mənfi ticarət balansı deməkdir. Trampın yeni tarif qərarları məhz bu balanssızlığı aradan qaldırmaq və Avropa ölkələrini də danışıqlara cəlb edərək daha sərfəli şərtlər əldə etmək məqsədi daşıyır.

Bu tariflər qısa müddətdə Aİ bazarında ABŞ məhsullarının qiymətinin artmasına, nəticə etibarilə də istehlakçılara təsir etməsinə səbəb olacaq. ABŞ isə bu rüsumlardan büdcəsinə əlavə gəlir toplayacaq. Lakin əvvəlki təcrübəyə əsaslanaraq demək olar ki, bu böhran uzun sürməyəcək və tərəflər diplomatik danışıqlar yolu ilə müəyyən yumşalmaya gedəcək”.

//Gülnarə Abasova, Editor.az