“2022-ci ilin əvvəllərindən başlayan Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyevə bütün istiqamətlərdə dəstəyin göstərilməsi son zamanlar demək olar ki, hiss olunmur”.
Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, zamanında Ukrayna rəsmilərinə, prezident Volodimir Zelenskiyə parlament və digər möhtəbər tədbirlərdə çıxış üçün şərait yaradan, eyni zamanda həmin çıxışları ayaqüstə alqışlayan dövlətlər bu gün rəsmi Kiyevin çağırışlarına səs vermir:
” Bu da qlobal səviyyədə maraqların başqa istiqamətə yönəlməsindən qaynaqlanır. Dünyada baş verən proseslər fərdi maraqları zəruri edir. Bu gün Ukrayna müharibəsi aktual mövzu olmaqdan çıxıb. Beləliklə, dövlətlərin rəsmi Kiyevə dəstəyi azalır. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi də həmin prosesə təsir etdi”.
Politoloqun fikrincə, rəsmi Kiyevə edilən dəstək Ukraynanın döyüş meydanında Rusiyaya dirəniş göstərməsi səviyyəsindədir:
” Yəni, Ukraynaya həmin müharibədə qalib gəlmək, yaxud da ciddi dönüş yaratmaq üçün dəstək verilmir. Məbləğlərə fikir verdikdə müharibə başladığı müddətdən etibarən ABŞ Kiyevə təxminən 40 milyon dollar dəyərində yardım edib. Dəstək göstərən dövlətlər arasında öndə gedən Amerikadır. Çünki ABŞ-ın həm imkanı, vəsaiti kifayət edir, həm də Şərq cəbhəsindən Rusiya cəbhəsinə qarşı mübarizədə dominant, Qərb cəbhəsinin lideri də ABŞ-dır. Rusiyanın Ukrayna ərazilərinə təcavüz etməsindən dərhal sonra Qərb cəbhəsində yer alan dövlətlər Rusiyanın xarici banklarında olan 500 milyon dollarlıq rezervlərini dondurdular. Müharibə dönəmində həmin məbləğdən gələn faizləri nəzərə alsaq bu Ukraynaya verilən yardımdan xeyli çox edir”.
X.Bəşirov sözügedən məbləğlərin Ukraynaya yardım kimi verildiyi ilə bağlı fikirlər səsləndirildiyini də qeyd edib:
” Lakin Qərb dövlətlərinin Ukraynaya həlledici səviyyədə dəstək vermədiyi məlumdur. Edilən yardımlar da borc kitabına yazılır. Gələcəkdə bu borcu dövlətlərə deyil, ayrı-ayrı şirkətlərə, zavodlara qaytarmalı olacaq”.
Politoloq son zamanlar yenidən aktuallaşan dünya düzəni fonunda “parçala və hökm sür” siyasəti yeridən qüvvələrin hərəkətə keçdiyini vurğulayır:
” Həmin qüvvələr mövcud münaqişələri alovlandırmağa çalışırlar. Cənubi Qafqazda keçmiş münaqişə ilə bağlı da bu planlar var idi lakin Azərbaycan buna imkan vermədi. Münaqişənin həllinə nail olaraq yazılmış ssenariləri alt-üst etdi. Digər dövlətlərdə bu kimi yanaşmanın şahidi olmuruq. Mövcud münaqişələrə edilən müdaxilələr həmin qarşıdurmaların həllinə hesablanmayıb. Əksinə,həmin qüvvələrin tərəflər arasında uçurumun daha da dərinləşməsi və yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etmək istəyi var”.
O, İsrailə edilən dəstəyin də böyük əhəmiyyət kəsb etdiyini düşünmür:
“Təxminən 80 ilə yaxın müddətdə davam edən İsrail-Fələstin münaqişəsi zaman-zaman müharibəyə çevrilib. Bu da onun daima kənardan idarə edildiyindən xəbər verir. Ona görə də həmin münaqişələr heç vaxt həllini tapmayacaq. Sülhün əldə edilməsinin yeganə üsulu münaqişə tərəflərinin kiminsə təsiri olmadan qarşılıqlı masaya oturub müzakirələr aparmasından keçir”.
//Safura Bənnayeva, Editor.az

